CƏMİYYƏT
Azərbaycan faşizm üzərində tarixi Qələbənin qazanılmasına böyük töhfələr verib
Bakı, 8 may, AZƏRTAC
Dövlət Sərhəd Xidmətində (DSX) faşizm üzərində Qələbənin 74-cü ildönümünə həsr olunmuş tədbirlər keçirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri, Qarabağ müharibəsi veteranları və Azərbaycanın Milli qəhrəmanları iştirak ediblər.
Tədbirlərdən əvvəl hərbi qulluqçular və qonaqlar Heydər Əliyev İdeoloji mərkəzlərində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən zəngin foto-ekspozisiya ilə tanış olub, Dahi Öndərin büstü önünə gül dəstələri qoyublar.
Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirlərdə Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Keçirilən tədbirlərdə faşizm üzərində tarixi Qələbənin əldə edilməsinə Azərbaycanın böyük töhfələr verdiyindən, bu şanlı zəfərin qazanılmasında xalqımızın 700 min qəhrəman oğul və qızının müharibədə iştirak etməsindən, onların 300 mindən çoxunun döyüşlərdə həlak olmasından, göstərdikləri igidliyə görə 120-dən çox həmyerlimizin Sovet İttifaqı Qəhrəmanı adına və 170 mindən çox əsgər və zabitimizin isə müxtəlif orden və medallara layiq görülməsindən danışıblar. Çıxışlarda, həmçinin azərbaycanlılardan ibarət milli diviziyaların Qafqazdan Berlinədək keçdiyi şanlı döyüş yolundan, arxa cəbhədə çalışan insanların rəşadətindən, müharibənin qələbə ilə başa çatmasında Bakı neftinin misilsiz rolundan ətraflı söhbət açılıb.
Vurğulanıb ki, faşizm üzərində Qələbə hər il respublikamızda yüksək səviyyədə qeyd olunur. Ölkəmizdə müharibə veteranlarına yüksək diqqət və qayğı göstərilir. Bu diqqət və qayğının təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Sevindirici haldır ki, bu siyasət Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Azərbaycan dövləti veteranların sosial problemlərinin həllini daim diqqət mərkəzində saxlayır.
Qarabağ müharibəsi veteranları Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıqlardan danışıblar. Çıxışlarda veteranların gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində gördükləri işlərin mühüm əhəmiyyət kəsb etdiyi, xalqımızın Böyük Vətən müharibəsi illərində göstərdiyi qəhrəmanlıq və rəşadətin gələcək nəsillərə örnək olduğu bildirilib.
Tədbirlərin sonunda veteranlara hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkilib, Böyük Vətən müharibəsi illərində Azərbaycan xalqının fədakar xidmətlərinə həsr edilmiş sənədli filmlər nümayiş olunub.