MƏDƏNİYYƏT
Azərbaycan filmləri “Zoroaster” mükafatı uğrunda mübarizə aparacaq
Bakı, 23 yanvar, AZƏRTAC
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan Şamil Əliyevin “Çölçü”, Mirbala Səlimlinin “Qırmızı bağ”, Elçin Musaoğlunun “Nabat”, eyni zamanda kinostudiyanın “Butafilm” kinoşirkəti ilə birgə çəkdiyi “Nar bağı” filmləri yanvarın 25-dən 30-dək Bakıda keçiriləcək İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalında “Zoroaster” mükafatı uğrunda mübarizə aparacaq.
Kinostudiyadan AZƏRTAC-a bildirilib ki, festivalın məqsədi İtaliya və Azərbaycan kino sənayesinin keçmişi, bu günü və gələcəyini təbliğ etməkdir.
Qeyd edək ki, festival Mədəniyyət Nazirliyinin, film istehsalı şirkətləri olan “İmago Group”, “United Cultures” və “Sandro Teti Editore”nin birgə dəstəyi ilə reallaşacaq.
İtaliyanın Azərbaycandakı səfirliyi, Nizami Kino Mərkəzi və “The Landmark” tərəfindən dəstəklənən festival hər iki ölkənin bir sıra elmi mərkəzləri ilə əməkdaşlıq çərçivəsində təşkil olunacaq. Yanvarın 30-dək davam edəcək festival çərçivəsində seçilmiş 15 müasir film nümayiş olunacaq. Təqdim olunan nominasiyaların qalibləri xüsusi hazırlanmış “Zoroaster” ilə mükafatlandırılacaq.
“La Piovra” serialında canlandırdığı Tano Cariddi obrazı ilə keçmiş sovet regionunda məşhur olan aktyor və rejissor Remo Girone mükafatlandırma mərasiminə rəhbərlik edəcək, italyan ssenarist və rejissor Claudio Rossi Massimi isə festivalın bədii rəhbəri kimi çıxış edəcək.