SİYASƏT


Azərbaycan gənclər təşkilatları dünya ictimaiyyətinə müraciət edib

Bakı, 4 iyun, AZƏRTAC

İyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsinin tank əleyhinə minaya düşməsi nəticəsində çəkiliş qrupunun iki nəfər üzvü, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyevin həlak olması və 4 nəfərin yaralanması ilə əlaqədar Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) dünya ictimaiyyətinə müraciət ünvanlayıb.

NAYORA-dan AZƏRTAC-a verilən məlumata görə, müraciətdə qeyd edilir ki, Azərbaycan gəncləri və gənclər təşkilatları dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan tərəfindən vaxtilə işğal altında olan ərazilərimizdə geniş miqyasda minaların yerləşdirilməsinə və bunun mülki əhalinin həyatına ciddi təhlükə törətdiyinə çəkiblər.

Kəlbəcərdə baş verən son hadisənin növbəti dəfə Ermənistan hakimiyyətinin minalanmış sahələrin xəritələrini təqdim etməmək kimi məsuliyyətsiz və cinayətkar xarakterli davranışının beynəlxalq humanitar hüquqla yanaşı, Azərbaycan və Rusiya prezidentlərinin, habelə Ermənistan baş nazirinin 2020-ci il 10 noyabr tarixli Birgə Bəyanatının ruhuna zidd olduğu vurğulanıb.

Gənclər təşkilatları münaqişənin bitməsindən sonra azad edilmiş ərazilərdə mina partlaması nəticəsində həlak olan və ya sağlamlığını itirən hər bir mülki şəxsə və hərbçiyə görə Ermənistan hakimiyyətinin məsuliyyət daşıdığını vurğulamaqla, bütün dünya ictimaiyyətini, o cümlədən beynəlxalq təşkilatları və insan hüquqlarını müdafiə qruplarını Ermənistanın davam edən bu təxribatlarına kəskin etirazlarını bildirməyə, nəhayət, minalanmış ərazilərin xəritələrini təqdim etməyə çağırıblar.

Müraciətdə yalnız bu yolla ölkələrimiz arasında etimad quruculuğunun təmin edilə və bölgədə davamlı sülhün bərqərar olması üçün yol açıla biləcəyi diqqətə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.