Azərbaycan gəncləri ABŞ-da təhsil almaq imkanları ilə tanış olmuşlar
Bakı, 2 iyun (AZƏRTAC). İyunun 2-də Amerika-Azərbaycan Təhsil Mərkəzində ABŞ-ın Azərbaycandakı səfirliyinin və Bakı Təhsil Məlumat Mərkəzinin dəstəyi ilə “Education USA”-nın 15 illiyinə həsr edilmiş “Açıq qapılar” adlı tədbir və ABŞ-da təhsil yarmarkası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirin məqsədi iştirakçıları ABŞ-ın ali məktəblərində təhsil alma imkanları haqqında lazımi məlumatla təmin etməkdir.
Tədbirdə iştirak edən tələbələr, şagirdlər və onların valideynləri ABŞ-ın ali təhsil məktəblərinin məzunları olmuş həmvətənlərimiz və xarici vətəndaşlardan onları maraqlandıran suallara cavab almışlar.
Yarmarkada təmsil olunan 30-dan çox universitetin və ödənişsiz təhsil proqramlarının nümayəndələri gələnlərə ABŞ-da təhsil imkanları barədə ətraflı məlumat vermişlər.
Təhsil yarmarkasına böyük maraq göstərən ABŞ-da təhsil almaq istəyən gənclər müxtəlif ali elm ocaqlarının fəaliyyətini əks etdirən buklet və materiallar ilə tanış olmuşlar.