CƏMİYYƏT
Azərbaycan gəncləri “Ana fəryadı” abidəsinin önündə aksiya keçiriblər
Bakı, 7 oktyabr, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə paytaxt gənclərinin və idmançılarımızın bir qrupu Xocalıda erməni cəlladları tərəfindən vəhşicəsinə qətlə yetirilmiş soydaşlarımızın xatirəsinə ucaldılmış “Ana fəryadı” abidəsi önündə çağırış aksiyası keçirib.
AZƏRTAC xəbər verir ki, aksiyanın keçirilməsində məqsəd Xocalıda erməni hərbi xuntası tərəfindən törədilmiş soyqırımı cinayətini bir daha dünya ictimaiyyətinə çatdırmaq və çoxsaylı sübutlara baxmayaraq, qətliamda iştirak etmiş erməni qəsbkarlarının hələ də törətdikləri cinayətlərə görə heç bir məsuliyyətə cəlb olunmamasına diqqəti çəkməkdir. Tədbirdə vurğulanıb ki, bu gün də düşmən tərəfindən cəbhə xəttindən xeyli məsafədə yerləşən Azərbaycanın Xızı, Yevlax, Mingəçevir, Gəncə, Bərdə, Ağcabədi və digər şəhər və rayonlarının qadağan olunmuş silahlardan istifadə edilərək ağır artilleriya atəşinə məruz qalması erməni vandallarının cinayətkar əməllərinin cəzasız qalmasının nəticəsidir. Bu cinayətlər nəticəsində mülki obyektlərə və evlərə külli miqdarda ziyan dəyib, dinc sakinlər arasında çoxlu sayda ölən və yaralananlar var.
Paytaxt gəncləri və idmançılar beynəlxalq hüquq normalarını pozaraq hərbi cinayətlər törətmiş erməni xuntası və onun havadarlarının beynəlxalq hərbi tribunala çıxarılmasını tələb ediblər. Ermənilərin cinayətkar əməllərinin araşdırılaraq hüquqi qiymət verilməsi, cinayət törətmiş şəxslərin beynəlxalq ədalət mühakiməsi qarşısına çıxarılmaları ilə bağlı aidiyyəti qurumlara müraciət olunub.