CƏMİYYƏT
Azərbaycan gəncləri BMT-nin strateji sənədinin hazırlanmasına kömək edir
Bakı, 18 sentyabr, AZƏRTAC
Azərbaycan Gənclər Fondu və BMT-nin Azərbaycandakı nümayəndəliyi BMT75 təşəbbüsü çərçivəsində gender bərabərliyi mövzusuna həsr edilmiş dialoq təşkil edib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, onlayn formatda keçirilmiş tədbirdə fəal gənclər, o cümlədən fiziki məhdudiyyətli şəxslər iştirak ediblər.
Tədbirdə gender bərabərliyinin insan hüquqlarına yüksək hörmətin ifadəsi olduğu vurğulanıb. Bu mövzunun aktuallığını və vacibliyini önə çəkən görüş iştirakçıları gender bərabərliyi uğrunda hərəkatın ötən əsrin ikinci yarısından etibarən başlayaraq, bütün dünyanı əhatə etdiyini, hazırda Azərbaycanda gender bərabərliyinin təmini üçün dövlət tərəfindən hərtərəfli addımların atıldığını bildiriblər.
İştirakçılar bu məsələdə hər bir fərdin diqqət etməli olduğu məqamları vurğulayıb, gender bərabərliyinin qorunması və təbliği üçün təkliflərini irəli sürüblər.
Qeyd edək ki, dialoqlar zamanı səslənən fikir və təkliflər BMT 75 prosesinin hədəflərindən biri olan “Baxış-2045” (Vision 2045) qlobal sənədinin hazırlanmasına töhfə olacaq. Bu görüşlərlə yanaşı, “BMT-75” çərçivəsində başlanmış qlobal sorğuda da iştirak edərək, hər kəs gələcəyə dair rəy və təkliflərini bildirə bilər: https://un75.online/?lang=aze .