REGİONLAR
Azərbaycan gəncləri Vətənimizin tərəqqisi naminə bundan sonra da var qüvvə ilə çalışacaqlar
Kürdəmir, 1 fevral, AZƏRTAC
Kürdəmirdə 2 fevral - Gənclər Günü münasibətilə ümumrayon toplantısı keçirilib. Toplantıda rayonun idarə və təşkilatlarının, ümumtəhsil məktəblərinin, bədən tərbiyəsi və idman kollektivlərinin fəal gəncləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər.
Gənclər evində təşkil olunan tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, müstəqilliyimiz, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon gənclər və idman idarəsinin rəis müavini Qalib Baxşiyev tədbirdə təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasəti və onun uğurlu nəticələri barədə geniş məruzə edib. Məruzədə, eləcə də çıxışlarda bildirilib ki, 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 1997-ci ildə 2 fevralın Azərbaycan Gəncləri Günü elan edilməsi, "Dövlət gənclər siyasəti haqqında" fərmanın imzalanması və geniş fəaliyyət proqramının təsdiq edilməsi Ulu Öndərin gənclərə böyük qayğısı idi. Bu siyasət gənclərin respublikanın ictimai-siyasi həyatında daha fəal iştirakına şərait yaradır, habelə dövlət orqanlarının diqqətini gəncliyin problemlərinin həllinə yönəldir.
Qeyd olunub ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir. Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur. Dövlətimizin başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Vurğulanıb ki, gənclər üçün ən önəmli hadisələrdən biri də Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsidir. Proqramda əsas məqsəd Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləməkdir.
Sonra rayon icra hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli çıxış edərək vurğulayıb ki, ulu öndər Heydər Əliyevin nurlu ideyalarına sadiq olan və onlardan bəhrələnən Azərbaycan gəncləri bundan sonra da Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, Vətənimizin tərəqqisi naminə var qüvvə ilə çalışacaqlar.
Sonda bir qrup gəncə fəxri fərman və qiymətli hədiyyələr verilib.