CƏMİYYƏT
Azərbaycan gənclərinin Koreya Respublikasına səfəri davam edir
Bakı, 4 iyul, AZƏRTAC
Azərbaycan ilə Koreya Respublikası arasında beynəlxalq gənclər mübadiləsi proqramı (Youth exchange) çərçivəsində gənclərimizin bir qrupunun bu ölkəyə səfəri davam edir.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqından AZƏRTAC-a bildiriblər ki, iyunun 30-dan başlayan səfər Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutub. Nümayəndə heyətinə ATGTİ-nin icraçı direktoru Şəmsi Gülverdiyev və bu qurumun fəal üzvləri daxildirlər.
Sayca dördüncü olan gənclər mübadiləsi üzrə təşkil olunan səfər çərçivəsində tələbə gənclərimiz paytaxt Seul, həmçinin Dyecon və Pyentok şəhərlərində tarixi-mədəni abidələr və muzeylərlə tanış olublar. Həmçinin Koreya Respublikasının dövlət rəsmiləri və gənclər təşkilatlarının nümayəndələri ilə keçiriləcək görüşlərdə ölkələrimiz arasında gənclər sahəsində əməkdaşlığın perspektivləri ətrafında müzakirələr aparılacaq.
Səfər iyulun 10-dək davam edəcək.