CƏMİYYƏT


Azərbaycan gənclərinin milli təəssübkeşliyi əsl fədakarlıq nümunəsidir

Azərbaycan gənclərinin milli təəssübkeşliyi əsl fədakarlıq nümunəsidir

Bakı, 31 yanvar, AZƏRTAC

Bütün dövrlər üçün gənclik inkişaf və tərəqqi ünvanı olub. Gəncliyin millət və dövlət üçün xidmətinin tarix üçün dəyərinin başlıca şərti isə bu sahəni xüsusi diqqətdə saxlayan liderin varlığıdır. Bu baxımdan Azərbaycan gəncliyini bəxti gətirmiş gənclik hesab etmək olar. Çünki ötən əsrin ortalarından bu yana Azərbaycan gəncliyinin əsl vətəndaş kimi formalaşması Ümummilli Lider Heydər Əliyevin diqqət mərkəzində olub. Ulu Öndərin hələ sovet dönəmində Azərbaycan gəncliyinə göstərdiyi qayğı ölkənin yüksəlişinin əsasını təşkil edib. 1993-cü ildə xalqın təkidli tələbləri ilə yenidən hakimiyyətə qayıdıb müstəqil Azərbaycan dövlətini yox olmaqdan xilas edən Ulu Öndər yenə də gəncliyi əsas diqqət mərkəzində saxlandı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov söyləyib.

Alim qeyd edib ki, Ümummilli Liderimiz Heydər Əliyevin 1997-ci ildə imzaladığı müvafiq Fərmana əsasən, hər il fevral ayının 2-də Azərbaycan Gəncləri Gününün qeyd edilməsi dahi şəxsiyyətin gənclərə hər zaman böyük qayğı ilə yanaşmasından, onların problemlərini diqqət mərkəzində saxlamasından, gənclərin müasir ölkəmizin quruculuğundakı fəaliyyətini yüksək dəyərləndirməsindən irəli gəlirdi.

“Burada onu da qeyd edək ki, Ulu Öndər Azərbaycana rəhbərliyinin bütün mərhələlərində gənc nəslə qayğısını heç vaxt əsirgəməyib, 1993-cü ildə hakimiyyətə yenidən qayıdışı ilə bu məsələyə dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi yanaşıb, gənclər siyasətinin institutlaşdırılmasını qarşıya mühüm vəzifə kimi qoyub. Dahi şəxsiyyətin dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədilə 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılıb. Onun rəhbərliyi ilə ötən əsrin 70-80-ci illərində xarici ölkələrə tələbələrin göndərilməsi ənənəsi davam etdirilib və artıq 2003-cü ildə dünyanın 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə üç mindən artıq azərbaycanlı gənc təhsil alıb.

Ulu Öndərin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilib. 1996-cı il 22 iyun tarixində imzalanmış “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Fərmanına əsasən, istedadlı gənclərə dövlət qayğısını təmin etmək məqsədilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” və “Qızıl kitab”a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüd təsis olunub. Bundan başqa Ümummilli Liderin 1999-cu il iyulun 29-da imzaladığı “Dövlət gənclər siyasəti haqqında” Fərmanla gənclərin inkişafı üçün daha əlverişli şərait yaradılıb. Həmçinin 2002-ci il 9 aprel tarixində “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu Qanunla respublikamızda gənclər siyasətinin məqsədləri, prinsipləri, istiqamətləri, təşkilati-hüquqi əsasları müəyyənləşdirilib və beləliklə, həmin sahədə yaranan münasibətlər tənzimlənib”, - deyə E.Bağırov söyləyib.

O vurğulayıb ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti ötən illər ərzində Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib, gənclərin bir fərd, əsl vətəndaşı kimi formalaşmasına xüsusi önəm verilib. Başqa sözlə, respublikamızda gerçəkləşdirilən gənclər siyasəti gənc nəslin hərtərəfli inkişafı üçün əlverişli şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb. Bu, öz bariz ifadəsini 2020-ci ilin sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən İkinci Qarabağ savaşında tapıb. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda cəsarətlə döyüşən hər bir qəhrəman gəncimizin adı xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazılıb. Məhz Azərbaycan gəncinin fədakarlığı sayəsində əldə olunan bu parlaq Zəfərlə ölkəmizin ərazi bütövlüyünü bərpa edilib, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşub: “Yeri gəlmişkən, burada mühüm bir məqamı da xatırlatmaq istərdim. Gənclərimiz Vətən uğrunda döyüşlərlə misilsiz şücaətlər, qəhrəmanlıqlar nümayiş etdirməklə bərabər, müharibənin getdiyi o ağır günlərdə, eyni zamanda, arxa cəbhədə ölkəmizin haqq səsinin bütün beynəlxalq aləmə yayıblar, Qarabağ həqiqətləri, Ermənistanın işğal siyasəti, vandal aktları ilə bağlı məlumatları dünya ictimaiyyətinə çatdırıblar. Bununla da onlar milli-mənəvi dəyərlərə, Heydər Əliyev ideyalarına sadiqliklərini təsdiqləyiblər.

Azərbaycan gəncliyi bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulmasında, erməni faşizmi tərəfindən bu əbədi-əzəli yurd yerlərimizin talan edilməsinin qarşısının alınmasında fəallıq göstərir”.

Emin Bağırov sonda əlavə edib: “Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəalların hər cür çətinliyə, soyuq hava şəraitinə baxmayaraq, davamlı aksiya keçirmələri də Azərbaycan gəncliyinin milli təəssübkeşliyindən xəbər verir. Bu təəssübkeşlik böyük fədakarlıq nümunəsidir. Bu gün Azərbaycan gəncliyi xalqın lideri Prezident İlham Əliyevin dövlətimizin inkişaf və yüksəliş yolunda iştirakına, nümunəvi ictimai fəaliyyətinə görə hər cür alqışa layiqdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.