CƏMİYYƏT


“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası istiqamətində Bakıda silsilə tədbirlər keçiriləcək

Dövlət Proqramı müasir Azərbaycan gəncliyinin təklif və tələblərini əks etdirən, gənclərimizin maraq dairəsini tam əhatə edən konseptual sənəddir.

Bakı, 15 noyabr, Həsrət Mahmudova, AZƏRTAC

Azərbaycan Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının əsasında hazırlanıb. Bu proqram özlüyündə müasir gəncliyin təklif və tələblərini əks etdirən, gənclərimizin maraq dairəsini tam əhatə edən konseptual sənəddir. Dövlət Proqramının hazırlanmasında fəal iştirak etmiş paytaxt gənclərinin də istəkləri proqramın ayrı-ayrı bəndlərində əksini tapıb.

Bunu AZƏRTAC-a müsahibəsində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası istiqamətində Baş İdarənin fəaliyyət planı barədə danışarkən deyib.

R.Abbasov bildirib ki, bir-birindən maraqlı və yeni hədəflərə nail olmağa yönəlmiş Dövlət Proqramı mükəmməl normativ hüquqi sənəddir. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, eləcə də paytaxt rayonlarının gənclər və idman idarələri Proqramdan irəli gələn vəzifə, tapşırıq və tədbirlərin icrasını gənclərin iştirakı ilə və onların maraqlarına cavab verəcək şəkildə, günün tələblərinə uyğun qaydada həyata keçirməyə çalışırlar. Belə ki, gənclərdə vətəndaşlıq tərbiyəsi sahəsi üzrə görüşlərin, “dəyirmi masa”ların, hüquq mühafizə orqanlarının tədris və təlim, eyni zamanda, hərbi hissə və daxili qoşun birləşmələrində mütəmadi görüşlərin keçirilməsi nəzərdə tutulur. Bundan başqa, Gənclər evlərində və paytaxt rayonlarının gənclər və idman idarələrində separatizm və dini ekstremizmlə mübarizə sahələri üzrə ekspertlərin iştirakı ilə mühazirələrin təşkili, ordudan tərxis olunmuş gənclərin iştirakı ilə maraqlı layihələrin icrası, bu sahələrdə biliklərin artırılması kimi tədbirlərin keçirilməsi də planlaşdırılır. Gənclərin intellektual səviyyəsinin yüksəldilməsi istiqamətində bilik yarışlarının sayının artırılması, onların yaradıcılıq qabiliyyətinin daha da yüksəldilməsi, fərdi və komanda düşüncələrinin inkişafı diqqət mərkəzində olacaq.

Dövlət himnimiz və bayrağımızla bağlı təşkil olunan şeir, inşa

və rəsm müsabiqələrinin əhatə dairəsi daha da genişləndiriləcək

“Milli-mədəni irsimizin yeniyetmə və gənclər arasında təbliği istiqamətində tarix-diyarşünaslıq muzeylərinə, paytaxtımızda fəaliyyət göstərən tarixi-etnoqrafik muzeylərə, dendrarilərə elmdə və təhsildə fərqlənmiş, o cümlədən ictimai işlərdə fəal iştirak etmiş, fiziki məhdudiyyətli və aztəminatlı ailələrdən olan yeniyetmə və gənclərin silsilə ekskursiyaları təşkil olunacaq”, - deyən Raqif Abbasov qeyd edib ki, Dövlət Proqramının əsas istiqamətlərindən biri olan Azərbaycan dilinin və dövlət atributlarının təbliği sahəsində çoxsaylı bədii qiraət müsabiqələri davam etdiriləcək. Həmçinin dövlət himnimiz və bayrağımız ilə bağlı təşkil olunacaq şeir, inşa, rəsm müsabiqələrinin əhatə dairəsi daha da genişləndiriləcək.

Diqqətə çatdırılıb ki, gənclər arasında sağlam həyat tərzinin təbliği, narkotik və psixotrop maddələrin istifadəsinə qarşı mübarizə ilə bağlı Baş İdarənin sifarişi ilə hazırlanmış maarifləndirici tamaşalar, sosial çarxlar, xəbərdaredici çap məhsullarının daha geniş auditoriyaya çatdırılması planlaşdırılır. Paytaxtda səyyar maarifləndirmə işi, respondentlər arasında sosioloji sorğuların keçirilməsi və onların nəticələrinin təhlili, ictimai müzakirələrin aparılması, telelayihələrin keçirilməsi nəzərdə tutulur. Ali təhsil ocaqlarında, orta ümumtəhsil məktəblərində, texniki peşə məktəb və kolleclərdə gənclərlə işləyən psixoloq və parapsixoloqlar üçün ixtisasartırma kurslarının, Səhiyyə Nazirliyinin müvafiq strukturları ilə birgə təbliğat və təşviqat işinin, akademik müzakirələrin təşkili, intihar və sui-qəsd hallarının qarşısının alınması, ailə institutunun qorunması üçün daha geniş auditoriya ilə iş prioritet istiqamətimiz olacaq. Xüsusi vurğulamaq istərdim ki, qapalı və yarımqapalı islah əmək müəssisələri ilə əməkdaşlığımız davam etdiriləcək, risk qrupuna aid olan gənclərlə çalışaraq onların cəmiyyətə inteqrasiyası üçün təbliğat, təlim-tərbiyə işimiz ardıcıl həyata keçiriləcək.

Cəbhə bölgəsinə, xüsusilə Cocuq Mərcanlı kəndinə 

silsilə səfərlər təşkil ediləcək

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin fəaliyyət planına qeyri-hökumət təşkilatlarının və tələbə gənclər təşkilatlarının iştirakı ilə hüquq mühafizə orqanlarının tabeliyində olan müəssisələrdə Olimpiya və dünya çempionları, ictimai-siyasi fəal gənclərlə görüşlərin təşkilinin də daxil olduğunu vurğulayan R.Abbasov uşaq evləri və internat məktəblərinin yeniyetmə və gənclərinin iştirakı ilə bədii yaradıcılıq festivalının daha çox nominasiyalar üzrə keçirilməsinin təklif edildiyini diqqətə çatdırıb. O, hər il Baş İdarənin, rayon gənclər və idman idarələrinin yüksək nəticələr göstərmiş tanınmış idmançıların iştirakı ilə cəbhə bölgəsinə səfərlər, konsert proqramları, təltiflər, həqiqi hərbi xidmətdə fərqlənmiş zabitlərlə görüşlər təşkil etdiklərini bildirib. Qeyd edib ki, məhz həmin zabitlər bu gün vətən qarşısında xidməti borclarını yerinə yetirirlər. Yuxarıda qeyd edilən hərbi vətənpərvərlik düşərgəsi hər il ölkəmizin ayrı-ayrı bölgələrində təşkil olunur. Yeni təsdiq edilmiş Dövlət Proqramı bu layihənin davamlılığını tələb edir.

“Ordumuz tərəfindən azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə fəal gənclərin səfərləri də nəzərdə tutulur. Milli qəhrəmanlarımız Çingiz Mustafayevin, Cəmil Niftəliyevin, Fəxrəddin Şahbazovun, Mübariz İbrahimovun və digərlərinin xatirəsinə həsr olunmuş çoxsaylı idman yarışları, turnirlər keçirilir və bu proses ənənə halı alıb. “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünyanın aparıcı institutlarına əsl həqiqətlərin çatdırılması üçün elektron aksiyalarımız daha çox sayda gənci əhatə edəcək”, - deyə R.Abbasov qeyd edib.

Həmsöhbətimiz sonda onu da bildirib ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, paytaxt rayonlarının gənclər və idman idarələrinin illik tədbirlər planı mövcud normativ hüquqi aktlara uyğun olaraq təsdiqlənir. Belə ki, “2017-2021-ci il üçün Azərbaycan gəncliyi” Dövlət Proqramından irəli gələn tələblər növbəti illərdə Tədbirlər Planımızda əsas istiqamət kimi nəzərə alınacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.