CƏMİYYƏT


“Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramının təsdiq olunması gənclərə yüksək diqqətin bariz nümunəsidir

Bakı, 21 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyevin “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında Sərəncamı dövlətimizin gənclərə və gənclər siyasətinə verdiyi önəmin bariz nümunəsidir.

Bunu Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov AZƏRTAC-a açıqlamasında deyib.

Komitə sədri bildirib ki, proqramın əsas hədəfləri gənclərin təhsili, tələbələrin elmi, mədəni və ictimai fəaliyyətinin, məşğulluğunun, sahibkarlıq və yaradıcılıq fəaliyyətinin dəstəklənməsi, gənclərin beynəlxalq əməkdaşlığının və mübadiləsinin genişləndirilməsi, onların asudə vaxtının təşkili, gənclərlə iş sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi və gənclər siyasətinin həyata keçirilməsinin səmərəliliyinin artırılmasıdır. Bu proqram azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ edilməsinə, onların vətənpərvərlik, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərinin daha səmərəli şəkildə aşılanmasına təkan verəcək. Eyni zamanda, bacarıqlı gənclərin müasir dövrün tələblərinə uyğun peşələrə yiyələnməsinə, onların məşğulluq probleminin həllinə, sahibkarlıq və yaradıcılıq fəaliyyətinin genişlənməsinə müsbət təsir edəcək. Bütün bunlara nail olmaq üçün gənclərin təhsil, elmi, mədəni və ictimai fəaliyyətinin dəstəklənməsi, həmçinin asudə vaxtlarının səmərəli təşkili çox vacibdir və bu məsələ proqramda xüsusi qeyd edilir.

“Savadlı və ziyalı gənclərin formalaşması mühüm amildir və bu məsələ dövlət tərəfindən müxtəlif layihələr və tədbirlər, həvəsləndirmələr, mükafatlandırmalar vasitəsilə dəstəklənməlidir. Hesab edirəm ki, istedadlı və yaradıcı gənclərin nailiyyətlərinin ölkə daxilində və onun hüdudlarından kənarda təbliğ edilməsi gənclərdə yeni həvəs və motivasiya yaradacaq”, - deyə komitə sədri bildirib.

Gənclərimizin dünyaya çıxışının, onların beynəlxalq aləmlə sıx və səmərəli əməkdaşlıq qurmalarının da dövrümüzün mühüm çağırışlarından olduğunu vurğulayan F.Muradov qeyd edib: “Respublikamızın tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində gənclər siyasəti sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi və bu çərçivədə beynəlxalq və regional təşkilatların gənclər proqramları ilə əməkdaşlığın genişləndirilməsi, gənclərin beynəlxalq təşkilatlarda təcrübə keçmələrinin dəstəklənməsi, təlim kurslarının, seminarlarının keçirilməsi, düşərgə və yay məktəblərinin təşkili çox vacib məsələlərdəndir”.

Deputat bildirib ki, gənclərlə iş sahəsində mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsinə, lazım gəldikdə yeni sənədlərin qəbul edilməsinə də xüsusi diqqət yetirilməlidir. Çünki bu, gənclər siyasətinin icrası və səmərəsinin artırılması mexanizminin ayrılmaz tərkib hissələrindəndir. Gənclərin məşğulluq, yaradıcılıq, sahibkarlıq, dövlət qulluğuna qəbul, asudə vaxtın təşkili, yüksək səviyyəli kadrların hazırlanması, beynəlxalq əməkdaşlıq və s. məsələlərinin hamısı, ilk növbədə, işlək normativ hüquqi bazanın olmasını tələb edir.

“Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı gənclər sektorunun, o cümlədən, gənclərin fərdi inkişafının daha da gücləndirilməsinə hesablanıb. Bu proqram dövlətimizin başçısı tərəfindən daha əvvəl qəbul edilən və uğurla həyata keçirilən proqramların, eləcə də Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlərin davamı olaraq gənclərin inkişafı üçün mühüm əhəmiyyət kəsb edəcək”, - deyə F.Muradov xüsusi qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.