CƏMİYYƏT


Azərbaycan gəncliyi bundan sonra da qalib dövlətimiz naminə böyük nailiyyətlər qazanacaq

Bakı, 2 fevral, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə qoşunlarının hərbi hissələrində 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Ümummilli lider Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbirlər keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə Mülki müdafiə qoşunlarının şəxsi heyəti, yerli icra hakimiyyətinin nümayəndələri, Gənclər və İdman Nazirliyinin yerli idarələrinin rəhbər heyəti iştirak edib.

Əvvəlcə, tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini ehtiramla anıblar.

Dövlət Himni səsləndirildikdən sonra xalqımızın dahi rəhbəri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə çıxış edən hərbi hissə komandirləri bayram münasibətilə gəncləri təbrik ediblər. Çıxışlarda vurğulanıb ki, ölkəmizdə gənc nəslin mənəvi-ideoloji, fiziki tərbiyəsinə, onların sağlamlığının qorunmasına xüsusi qayğı ilə yanaşılır. Azərbaycanın qüdrətli dövlətə çevrilməsi naminə gənclərin imkanlarından daha dolğun istifadə edilməsi, həmçinin bunun üçün əlverişli şəraitin yaradılması Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin əsasını təşkil edir. Əsası Ümummilli Lider tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin hazırda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkə gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər. Gənclərin rifahına, yaradıcılıq potensialının inkişafına xidmət edən mühüm Dövlət proqramlarının, inkişaf strategiyasının, bir sıra digər mühüm sənədlərin qəbul olunması və uğurla həyata keçirilməsi onların faydalı məşğulluğunun təmin edilməsi istiqamətində böyük əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində Azərbaycanda vətənpərvər, intellektual potensiala malik, fiziki cəhətdən güclü gənclər ordusunun yetişdiyini və bu gənc nəslin böyük Zəfərlə bitən 44 günlük müharibədə özünü təsdiq etdiyini iftixar hissi ilə dilə gətirən çıxışçılar, eyni zamanda, Vətən müharibəsində Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin də üzərinə düşən vəzifələri şərəflə yerinə yetirdiyini diqqətə çatdırıblar.

Çıxış edənlər tam əminliklə və qətiyyətlə söyləyiblər ki, Ulu Öndərin ideyalarına sadiqliyi ilə seçilən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan gəncliyi bundan sonra da qalib və qüdrətli dövlətimiz naminə böyük nailiyyətlərə imza atacaqlar.

Sonda xidmətdə fərqlənmiş hərbi qulluqçular fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.