REGİONLAR
Azərbaycan gəncliyi cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib
Masallı, 11 avqust, Bağır Əliyev, AZƏRTAC
Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəslə bağlayır. Sağlam, bilikli gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki ölkənin gələcəyi, müqəddəratı gənclərdən asılıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər avqustun 11-də Masallı şəhərindəki Gənclər Evində Beynəlxalq Gənclər Gününə həsr olunmuş “Gənclər bizim sabahımızdır” mövzusunda keçirilən onlayn görüşdə səsləndirilib.
Onlayn tədbirdə çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov 12 avqust - Beynəlxalq Gənclər Günü haqqında məlumat verərək bildirib ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır.
Camal Manafov ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətindən danışaraq qeyd edib ki, Ümummilli Liderin gənclərə diqqəti və qayğısı nəticəsində Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradılıb, 2 fevral tarixi Gənclər Günü kimi təsis edilib. Bu gün ulu öndər Heydər Əliyevin gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
“Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Fuad Mənsimovun, Masallı Rayon Gənclər və İdman İdarəsi könüllülərinin sədri İslam Ərzullazadənin, Xətai rayonundan Aynur Qənbərovanın, Ağdam rayonundan Röya Vəliyevanın, Sumqayıt şəhərindən Fidan Həbibovanın və Şəki rayonundan Nərgiz Məlikovanın çıxışlarında qeyd olunub ki, tarixboyu Azərbaycan öz gəncliyi ilə fəxr edib. Bu gün Azərbaycan gəncliyi öz təşəbbüskarlığı ilə fərqlənir. Ölkəmizdə gənclər üçün bütün imkanlar yaradılıb, Azərbaycan gəncliyi cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib. Gənclərimiz sosial, siyasi, iqtisadi sahələrdə fəal rol oynayır, bütün proseslərdə yaxından iştirak edirlər.