CƏMİYYƏT
Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib
Bakı, 20 fevral, AZƏRTAC
Qaradağ Rayon İcra Hakimiyyətinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) və Qaradağ Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “İlham Əliyev və Azərbaycanın sosial-iqtisadi inkişafının perspektivləri” mövzusunda elmi-praktiki konfrans keçirilib. Konfransda BŞGİBİ-nin rəisi Raqif Abbasov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Milli Məclisin deputatı Aydın Hüseynov, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, fəal gənclər iştirak ediblər.
BŞGİBİ-dən AZƏRTAC-a verilən məlumata görə, konfransda çıxış edənlər bildiriblər ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi inkişaf strategiyasının uğurla davam etdirilməsi müstəqil Azərbaycan dövlətinin dünyada mövqeyini durmadan möhkəmləndirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü, düşünülmüş və çevik islahatlar nəticəsində bu gün respublikamız sürətli inkişaf mərhələsini yaşayır.
Həyata keçirilən dövlət-gənclər siyasəti gənclərin hərtərəfli inkişafını, onların cəmiyyət həyatında fəal iştirakını təmin etməkdədir. Bu siyasət çox geniş bir spektri – gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, cəmiyyətin bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Artıq Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib. Ölkə gəncləri demokratikləşmə prosesində fəal iştirak edir, mədəniyyət, incəsənət, elm və digər sahələrdə parlaq nailiyyətlər qazanırlar. Həmçinin dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli islahatların reallaşdırılmasında yaxından iştirak edirlər.
Sonra konfransda “Gənclərin Azərbaycanın sosial-iqtisadi inkişafında yeri və rolu”, “Müasir Azərbaycanda iqtisadi inkişaf - təhsil, səhiyyə və mədəniyyət”, “Azərbaycanda sosial-iqtisadi inkişafın istiqamətləri”nə dair məruzələr dinlənilib.