REGİONLAR
Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəallığı ilə seçilir
Ağsu, 15 may, AZƏRTAC
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi ilk vaxtlardan gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlətin və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Ulu Öndərin imzaladığı qanunlar, sərəncamlar, fərmanlar və dövlət proqramları çərçivəsində ölkəmizdə gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması, ictimai fəallığının artırılması istiqamətində fundamental baza yaradılıb. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təsadüfi deyil ki, indi Azərbaycan gəncliyi ictimai həyatımızın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatı Gənclər Birliyinin mayın 15-də keçirilən V konfransında səsləndirilib.
YAP rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə təşkilatın Gənclər Birliyinin sədri Elnur Fərzəlizadənin məruzəsi dinlənilib, sonra çıxışlar olub. Vurğulanıb ki, bu gün YAP rayon təşkilatı üzvlərinin sayı 5601 nəfəri keçib və onların 1227 nəfəri gənclərdir. İstedadlı, cəmiyyətə və dövlətə layiqincə xidmət edən gənclər rayonda keçirilən siyasi kampaniyalarda, sosial, iqtisadi və mədəni quruculuq işlərində, idman həyatında həmişə fəal mövqe nümayiş etdirirlər.
Qeyd olunub ki, YAP rayon təşkilatının Gənclər Birliyi partiyanın rəhbər tutduğu azərbaycançılıq ideologiyasının prinsipləri əsasında gənclərə Vətənə sevgi, milli-mənəvi dəyərlərimizi qorumaq, ölkə sərhədlərindən kənarda Azərbaycanı layiqincə təmsil etmək kimi vərdişlər təbliğ edir. Gənclər Birliyi rayonda fəaliyyət göstərən digər qurumlarla birgə hər il ümummilli lider Heydər Əliyevin anadan olmasının, habelə vəfatının ildönümləri ilə bağlı çoxsaylı və genişmiqyaslı tədbirlər keçirib, hərbi vətənpərvərlik, milli-mənəvi dəyərlər mövzularında dəyirmi masalar təşkil edib. Zərərli dini cərəyanlar, erkən nikah, narkomaniya kimi neqativ hallara qarşı maarifləndirici tədbirlərdə, Aprel döyüşlərinin ildönümü münasibətilə şəhid Toğrul Fərəczadənin məzarına və ev muzeyinə təşkil olunan ziyarətlərdə gənclər fəal iştirak ediblər.
Milli Məclisin komitə sədri Hadi Rəcəbli və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov konfransda çıxış ediblər.
Sonra təşkilati məsələlərə baxılıb, respublika konfransına nümayəndələr seçilib.
Sonda YAP sıralarına qəbul olunan bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.