REGİONLAR
Azərbaycan gəncliyinə göstərilən dövlət qayğısı sabaha və uğurlara hesablanmış siyasətdir
Lənkəran, 1 fevral, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Sosial və Aqrar–Texnoloji Kollecində 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Gənclər siyasəti dövlətin əsas istiqamətlərindəndir” mövzusunda tədbir keçirilib.
Tədbirdə kollecin müəllim və tələbələri ilə yanaşı, 44 günlük Vətən müharibəsi iştirakçıları və qazi tələbələr də iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kollecin tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva tədbir iştirakçılarını Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edərək, ölkəmizdə, o cümlədən Lənkəran rayonunda dövlət gənclər siyasətinin icrası istiqamətində görülün işlərdən, həyata keçirilən tədbirlərdən danışıb.
Ü.Rzayeva çıxışında qeyd edib ki, Azərbaycan gəncliyinə göstərilən dövlət qayğısı sabaha və uğurlara hesablanmış siyasətdir. Bu siyasət sağlam nəslin formalaşmasına xidmət edir.
Digər çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən Lənkəran Sosial və Aqrar–Texnoloji Kollecin tələbələrinin göstərdiyi qəhrəmanlıqlardan danışıblar.