REGİONLAR
Azərbaycan gəncliyinin vacib xüsusiyyətlərindən biri də yüksək vətənpərvərlik ruhuna malik olmasıdır VİDEO
Sumqayıt, 13 may, Ətrabə Rzayeva, AZƏRTAC
Yeniyetmə və gənclərdə vətənpərvərlik hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi sahəsində mütəmadi olaraq müxtəlif dövlət qurumları, birbaşa bu sahəyə cavabdeh olan orqanlar tərəfindən tədbirlər keçirilir. Bu istiqamətdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazıram” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında keçirilən tədbirdə şəhər icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin rəhbərliyi, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Böyük Vətən və Qarabağ müharibələrinin veteranları iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhər icra hakimiyyəti başçısının birinci müavini Faiq Kərimov bildirib ki, Azərbaycan gəncliyinin sahib olduğu ən vacib xüsusiyyətlərdən biri də vətənpərvərlik ruhunun yüksək səviyyədə olmasıdır. Ali Baş Komandan, Prezident İlham Əliyev regionun ən güclü, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan ordusunu yaradıb. Şəhərin bütün ümumtəhsil ocaqlarında yeniyetmə və gənclər arasında vətənpərvərliyin təbliğ edilməsi, gələcək nəsillərə ötürülməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov ümummilli lider Heydər Əliyev ordu quruculuğu sahəsində həyata keçirdiyi islahatlardan danışıb. Qeyd edib ki, bu gün Azərbaycan Ordusu bütün göstəricilərinə görə düşməndən dəfələrlə üstündür. O, “Vətənin müdafiəsinə hazıram” mövzusunda keçirilən tədbirin əhəmiyyətindən və Dövlət Xidmətinin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlı gördüyü işlərdən danışıb. Qeyd edilib ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd güclü ordu quruculuğu prosesinin əhəmiyyətini ictimaiyyətə çatdırmaq və gənc nəsli milli dövlətçilik ruhunda tərbiyə etməkdir.
Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs ediblər.
Sonda vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı və Sumqayıt şəhər məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda bədii proqramla çıxış ediblər.