CƏMİYYƏT


Azərbaycan gender bərabərliyi baxımından nümunəvi ölkədir

Moskva, 16 oktyabr, AZƏRTAC

Sankt-Peterburqda Parlamentlərarası İttifaqın (PAİ) 137-ci Assambleyası çərçivəsində Parlamentari Qadınlar Forumunun 26-cı sessiyası keçirilib.

PAİ-nin sədri Saber Çoudhuri bildirib ki, Parlamentari Qadınlar Forumu Parlamentlərarası İttifaqın güclü tərəfidir. “Demokratiyanın qurulması və dəstəklənməsi yalnız bu işdə kişilərin və qadınların bərabər iştirakı halında mümkündür”, - deyən S.Çoudhuri daha sonra vurğulayıb: “Elə etmək lazımdır ki, biz gender bərabərliyi barədə danışmaqla kifayətlənməyib həm də konkret tədbirlər görək. PAİ konkret nəticələr verən işlər görür. Dünya parlamentlərində spikerlərin 25 faizi qadınlardır. Parlamentlərarası İttifaqın üzvlərinin sayı artır. Onu da qeyd etmək istəyirəm ki, PAİ-nin 137-ci Assambleyasının iştirakçılarının 30 faizi qadınlardır. Qadınların iştirakı olmadan uğur qazanmaq mümkün deyil”.

Parlamentlərarası İttifaq Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkonu bu qurumun yeni başçısı vəzifəsinə seçməklə özünün gender bərabərliyinə yönəldilmiş fəaliyyət xəttini növbəti dəfə sübut edib. Saber Çoudhuri bildirib ki, bu vəzifəyə iki namizəd vardı və onların hər ikisi qadın idi. Parlamentarilər bu faktı çox əlamətdar hal kimi qeyd ediblər.

V.Matviyenko Parlamentari Qadınlar Forumunun açılış mərasimindəki çıxışında deyib ki, son illərdə dünyada qadınların vəziyyətinin yaxşılaşması sahəsində qazanılmış tərəqqi hər bir parlamentin, o cümlədən Parlamentari Qadınlar Forumu çərçivəsində apardığı ardıcıl iş sayəsində mümkün olub. Senator vurğulayıb: “Əminəm ki, bugünkü mərhələdə qadınlar parlament diplomatiyasının inkişafına və beynəlxalq gərginliyin zəiflədilməsinə kömək edə bilərlər. Axı diplomatiyanın mahiyyəti – məsələni kəskin münaqişə dərəcəsinə çatdırmamağı bacarmaqdan, dinc danışıqlar aparmaq və ümumi rifaha nail olmaq məharətindən ibarətdir. Biz qadınlar öz artan nüfuzumuzdan dünyada terrorizm, qlobal yoxsulluq, qeyri-leqal miqrasiyanın geniş yayılması, habelə ərzaq təhlükəsizliyinə və ekoloji təhlükəsizliyə təhdidlər kimi ən kəskin, aktual problemlərin həlli üçün istifadə etməliyik. Bu assambleyanın əsas mövzusu dinlərarası və etnoslararası dialoqun möhkəmlədilməsidir. Əminəm ki, parlamentari qadınlar bu mövzunun açıqlanmasına öz töhfələrini verəcəklər.

Milli Məclisin Ailə, qadın və uşaqlar problemləri üzrə komitəsinin sədrinin müavini Sahibə Qafarova öz çıxışında qeyd edib ki, qadınlar bu forumda çoxsaylı ölkələri təmsil edirlər və onların hamısını birləşdirən bir amil var – xeyirxahlıq və sevgi.

Onun sözlərinə görə, qadınlar ailə ocağının mühafizəçiləri olmaqla bərabər həm də öz ölkələrində siyasətə və iqtisadiyyata fəal cəlb olunur, demokratiyanın inkişafında iştirak edirlər. Deputat daha sonra deyib: “Azərbaycanda hələ 1918-ci ildə qadınlara səsvermə və seçilmək hüququ verilib. Bu mənada biz müsəlman aləmində birinci olmuşuq. Düşünürəm ki, təkcə bu fakt çox şeydən xəbər verir”.

Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyevin fikrincə, Azərbaycan gender bərabərliyi və qadın hüquqlarına riayət edilməsi baxımından nümunəvi ölkədir. O deyib: “Xatırladım ki, indiyə qədər Azərbaycanı xaricdə son dərəcə səmərəli şəkildə təmsil etmiş, Milli Məclisin deputatı olmuş, ölkə daxilində ən mürəkkəb sosial layihələrə kuratorluq etmiş hörmətli Mehriban Əliyeva bu yaxınlarda ölkənin birinci vitse-prezidenti olub. Bu təyinat Mehriban xanımın görkəmli fəaliyyətinin etiraf edilməsində qanunauyğun mərhələ olub. Lakin bu həm də cəmiyyətin vəziyyətinin mühüm mərhələsidir. Həm Rusiyada, həm də Azərbaycanda ən məsul dövləti vəzifələrdə çalışan qadınların sayı get-gedə artır. Müasir dünyada bunu yalnız alqışlamaq olar. Yer kürəsində silahlı münaqişələr hədsiz çoxdur, terror təhlükəsi riski azalmır. Aşkardır ki, bu vəziyyətin tənzimlənməsi üçün birgə səylər lazımdır. Qadınlar müasir dövrün problemlərinin həllinə sanballı töhfə verirlər”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.