İDMAN


Azərbaycan gimnastı Marina Durunda Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb

Bakı, 13 sentyabr, AZƏRTAC

Almaniyanın Ştutqart şəhərində keçirilən bədii gimnastika üzrə dünya çempionatında Azərbaycan yığmasının üzvü Marina Durundanın uğurlu çıxışı ona Rio Olimpiadasına vəsiqə qazandırıb.

Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, idmançımız Zeynep Celep və belə mötəbər turnirə ilk dəfə qatılan Ayşən Bayramova ilə birgə komanda yarışında dörd çıxış yerinə yetirib. Onların da komanda liderindən geri qalmamaları Azərbaycan yığmasının ilk beşlikdə qərarlaşması ilə nəticələnib.

Təsnifat mərhələsinin nəticələrinə əsasən, M.Durunda dörd hərəkətin hər biri üzrə finala vəsiqə qazanıb. O, halqa, gürzlər və lentlə hərəkətlərlə yarışların finalında altıncı, topla hərəkətlərdə isə yeddinci olub. Gimnastımız dörd çıxışın nəticələrinə əsasən, çoxnövçülük üzrə yarışın finalında altıncı yerdə qərarlaşaraq 2016-cı il Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Bu, beynəlxalq arenada böyük gimnastika proqramı üzrə çıxış etməyə iki il əvvəl başlamış M.Durundanın ilk Olimpiya lisenziyasıdır. “Bakı-2015” birinci Avropa Oyunlarının gümüş medalçısı, 2015-ci il Avropa çempionatının bürünc mükafatçısı olan gənc gimnast ilin əsas yarışında - dünya çempionatında da layiqli mübarizə aparıb. Onun həm təsnifat, həm də final mərhələlərindəki çıxışları özünəinam, zəriflik, hərəkətlərin qüsursuzluğu və sabitliyi ilə diqqəti cəlb edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.