İDMAN
Azərbaycan gimnastı Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının çempionu olub
Bakı, 11 oktyabr, AZƏRTAC
Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən idman gimnastı Səməd Məmmədli və bədii gimnastımız Yelizaveta Luzan çıxışlarını yekunlaşdırıblar.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, Oyunlarda gənc gimnastımız Y.Luzan komanda hesabında qızıl medal qazanıb. Olimpiya Oyunlarının yeni formatına əsasən, gimnastika növləri üzrə təmsilçilər yalnız fərdi hesabda mübarizə aparmayıblar. Bu dəfə onlar ulduz gimnastların adlarını daşıyan 12 komandaya bölünüblər.
Dördqat Olimpiya çempionu Simona Baylzın komandasında Y.Luzan ilə yanaşı, idman gimnastikası, bədii gimnastika, batut və akrobatika növləri üzrə Bolqarıstan, Avstraliya, Çin, Sinqapur, Vyetnam, İspaniya, İtaliya, Rusiya, Ukrayna, Cənubi Afrika və Macarıstandan olan idmançılar yer alıblar. Onlar fərdi çıxışlarının yekunlarına görə əldə etdikləri xal hesabı ilə komandalarına qızıl medal qazandırıblar.
Beləliklə, milli komandamızın aktivində 2 qızıl və 1 bürünc medal var. Bundan əvvəl cüdoçu Vüqar Talıbov (66 kq) qızıl, taekvondoçu Cavad Ağayev (63 kq) bürünc medal qazanıblar.