İDMAN
Azərbaycan gimnastları sinxron çıxışlarda finala çıxıblar [YENİLƏNİB] VİDEO
Azərbaycan təmsilçiləri Svetlana Makştarova və Səbinə Zaytseva sinxron çıxışlarda finala yüksəliblər. Gimnastlar mütləq və sərbəst hərəkətlərin yekununda 81,700 bal toplayaraq dördüncü yeri tutublar.
Finala, həmçinin Ukrayna, Belarus, ABŞ, İspaniya, Rusiya və Almaniya idmançıları da çıxıblar.
17:27
Kişilərin fərdi çıxışlar üzrə təsnifat yarışlarına yekun vurulub.
Təsnifatın nəticəsinə görə, ilk səkkiz pillədə qərarlaşan idmançılar finala yüksəlib. Bunlar Dmitri Uşakov (Rusiya), Vladislav Xançarov (Belarus), Dioqo Qançino (Portuqaliya), Mixail Melnik (Rusiya), Nathan Baley (Böyük Britaniya), Mikalay Kazak (Belarus), Katsufumi Tasaki (Yaponiya) və Artur Zakrzevskidir (Polşa).
Azərbaycan təmsilçiləri Dmitri Fedrovskiy təsnifat mərhələsini 18-ci, Ruslan Ağamirov 21-ci, Oleq Piunov 24-cü, İlya Qrişunin isə 37-ci pillədə başa vurublar.
16:51
Azərbaycan idmançısı Svetlana Makştarova batut gimnastikası üzrə dünya kubokunun finalına vəsiqə qazanıb.
AZƏRTAC xəbər verir ki, o, 99.255 balla altıncı yerdə qərarlaşıb. Təsnifatdan sonra birinci yeri 102.160 balla belaruslu Anna Qorçenok tutub. Böyük Britaniyadan Ketrin Driskoll və Pamela Klark, Belarusdan Tatyana Petrenya, Rusiyadan Yanna Pavlova və Susanna Koçesok, eləcə də Ukraynadan Marina Kiyko da finalda çıxış etmək hüququ qazanıblar.
14:41
Kişilərin fərdi çıxışlar üzrə təsnifat yarışlarında Azərbaycan təmsilçisi Ruslan Ağamirov 101.610 xalla öz qrupunda dördüncü olub. Digər idmançımız Oleq Piunov isə 100.135 xalla beşinci pillədə yer alıb.
Təsnifat yarışları başa çatdıqdan sonra ilk səkkiz pillədə qərarlaşan idmançılar finala vəsiqə qazanacaqlar.
12:06
Bakı, 5 mart, S.Allahverdiyeva, H.Mahmudova, AZƏRTAC
Milli Gimnastika Arenasında batut gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FİG) dünya kuboku yarışları start götürüb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayan batut gimnastikası üzrə dünya kuboku ölkəmizdə ilk dəfədir təşkil olunur.
Olimpiya ilinin batut gimnastikası üzrə ilk yarış mövsümünün açılışını edən kubokda Avropa ilə yanaşı, Yaponiya, Avstraliya, eləcə də ABŞ-ı təmsil edən idmançılar iştirak edir. Ümumilikdə yarışlarda 17 ölkədən 77 gimnast fərdi və sinxron çıxış proqramında mübarizə aparır. Bunlardan 46-sı kişi, 31-ri isə qadındır.
Batut gimnastikası üzrə Azərbaycan yığma komandasının lideri, ilk Avropa Oyunlarının bürünc medalçısı İlya Qrişuninlə yanaşı, ölkəmizi yarışlarda açıq Azərbaycan çempionatının qızıl medalçısı Oleq Piunov, Dmitriy Fedorovskiy və Ruslan Ağamirov, həmçinin zərif cinsin nümayəndələri – “Bakı-2015”in finalçısı Svetlana Makştarova və Sabina Zaytseva təmsil edir.
İlk günündə təsnifatı keçirilən yarışlar bir gün sonra finallarla yekunlaşacaq.
Yarışlar vaxtı izləyicilər də diqqətdən kənar qalmayacaq. İdmançılara azarkeşlik edəcək tamaşaçılar yarışlar boyunca müxtəlif maraqlı müsabiqələrdə iştirak edərək, təşkilatçıların hazırladığı hədiyyələrə sahib olacaqlar.