CƏMİYYƏT
“Azərbaycan gömrüyü - bu gün və sabahın çağırışları” mövzusunda yazı müsabiqəsi elan edilib
Bakı, 22 iyun, AZƏRTAC
Dövlət Gömrük Komitəsi və Mətbuat Şurası “Azərbaycan Gömrüyü - bu gün və sabahın çağırışları” mövzusunda birgə fərdi jurnalist yazıları müsabiqəsi elan edib.
Mətbuat Şurasından AZƏRTAC-a bildiriblər ki, müsabiqə gömrük xidmətində həyata keçirilən genişmiqyaslı islahatlar, əldə olunan nailiyyətlər, tətbiq edilən yeni texnologiyalar, qabaqcıl təcrübə, beynəlxalq əməkdaşlıq, gömrük-biznes əməkdaşlığı və digər məsələlərin kütləvi informasiya vasitələrində obyektiv işıqlandırılması, təbliği, habelə ictimaiyyətlə gömrük arasında əlaqələrin daha da inkişaf etdirilməsini təmin etmək məqsədilə elan olunub.
Müsabiqədə birinci yerin (1 nəfər) qalibinə 1000 manat, ikinci yeri tutana (1 nəfər) 800 manat, üçüncü yerə layiq görülənə (1 nəfər) 500 manat məbləğində mükafat veriləcək. On nəfərə isə 100 manat məbləğində həvəsləndirici mükafat təqdim ediləcək.
Müsabiqədə 8 istiqamət üzrə mövzular müəyyənləşib.
Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz işləyən jurnalistlər müsabiqədə iştirak edə bilərlər. Təqdim edilən yazı 11 min işarədən artıq olmamalıdır. Yazıda (KİV-də çap olunmuş, yayımlanmış mətndə) “Azərbaycan gömrüyü - bu gün və sabahın çağırışları” mövzusunda yazı müsabiqəsinə təqdim olunur” qeydi yer almalıdır. Müsabiqəyə iyunun 22-dən iyulun 17-dək qəzet, jurnal, informasiya agentliklərində və elektron media resurslarında yayımlanmış yazılar buraxılır. Konkret kütləvi informasiya vasitəsində çalışmayan şəxslərin müsabiqəyə yazı təqdim etməsi yolverilməzdir. Müsabiqəyə sənədlərin qəbulu rəsmi iş günləri saat 10.00-dan 17.00-dək Azərbaycan Mətbuat Şurasına həyata keçiriləcək. Yazılar [email protected] elektron ünvanına da göndərilə bilər. Bu zaman təqdimata yazı özü (word faylında, imzasız), qəzet, jurnal nüsxəsi (PDF, JPG, yaxud word faylında), elektron media resursunda yayımlanıbsa, bunu təsdiqləyən link, həmçinin müəllifin şəxsiyyət vəsiqəsi, iş vəsiqəsi və ya əmək kitabçasından müəllifin KİV-də çalışdığını təsdiqləyən çıxarış (PDF, JPG, yaxud word faylında), əlaqə vasitələri (PDF, JPG, yaxud word faylında) əlavə olunmalıdır.
Müsabiqə mükafatçılarının adları 22 iyul - Milli Mətbuat Günü ərəfəsində açıqlanacaq.