İDMAN


Azərbaycan güləşçiləri Bolqarıstanda daha 3 medal qazanıblar

Bakı, 19 fevral, AZƏRTAC

Bolqarıstanın Veliko Tırnovo şəhərində güləş üzrə Dan Kolov - Nikola Petrov xatirə turniri davam edir.

AZƏRTAC xəbər verir ki, yarışın ikinci günündə 4 sərbəst güləşçimiz mübarizəyə qoşulub.

Təmsilçimiz Əfqan Xaşalov (57 kq) səkkizdəbir finalda Arun Aruna (Hindistan) "tuşe" ilə qalib gəldikdən sonra iranlı Rza Momenijuzadəni də vaxtından əvvəl üstələyib - 10:0. Ə.Xaşalov yarımfinalda hindistanlı Aman Amanla qarşılaşmada zədələndiyindən görüşü məğlub başa vurub.

Güləşçimiz Əliabbas Rzazadə (57 kq) startda bolqarıstanlı İvaylo Tısova heç bir şans verməyib - 10:0. Ancaq həmyerlimiz belaruslu Ariyan Tiutrinlə görüşdə son saniyələrdə üstünlüyü əldən verərək məğlub olub - 6:8. Ə.Rzazadə fevralın 19-da keçirilən təsəlliverici görüşdə gürcüstanlı Qoqa Ciquaya "tuşe" ilə qalib gəlib. Təmsilçimiz amerikalı Niko Provonu isə cəmi 45 saniyəyə tam üstünlüklə məğlub edərək (10:0) bürünc medala sahib çıxıb.

Turan Bayramov (74 kq) təsnifat mərhələsində yerli idmançı Mixail Georgiyevi məyus etdikdən (3:0) sonra Bolqarıstanın digər təmsilçisi Aykan Seidə tam üstünlüklə qalib gəlib - 12:0. T.Bayramov dörddəbir finalda əlcəzairli Abdelkader İkkaldan güclü olub - 6:0. Macarıstanlı Murad Kuramqomedovla görüşdə yekun hesab 1:1 olub və sonuncu xalı güləşçimiz aldığı üçün həmyerlimiz finala yüksəlib.

Mübarizəyə səkkizdəbir finaldan qoşulan Cəbrayıl Hacıyev (74 kq) qazaxıstanlı Sultan Jaksiliki "tuşe" ilə yolundan kənarlaşdırdıqdan sonra gürcü Dimitri Jioeviyə də vaxtından əvvəl qalib gəlib - 12:1. Təmsilçimiz yarımfinalda bolqarıstanlı Ali-Paşa Umarpaşayev üzərində 8:3 hesablı qələbə qazanaraq finala yüksəlib.

Fevralın 19-da 74 kiloqram çəki dərəcəsində finalda millimizin iki üzvü qarşılaşıb. T.Bayramova 3:1 hesabı ilə qalib gələn C.Hacıyev qızıl medal qazanıb.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçimiz Osman Nurməhəmmədov (92 kq) və qadın güləşçimiz Elis Manolova (65 kq) bürünc medal qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.