İDMAN
Azərbaycan güləşçiləri “Rio-2016” Olimpiya Oyunlarına daha üç lisenziya qazanıblar VİDEO
Bakı, 10 sentyabr, AZƏRTAC
ABŞ-ın Las-Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, dünya çempionatının üçüncü yarış günündə yunan-Roma güləşçimiz Saman Təhmasibi (85 kq), qadın güləşçilərimiz Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq) 2016-cı il Rio Olimpiadasına vəsiqəni təmin ediblər.
Yunan-Roma güləşi üzrə 85 kiloqram çəki dərəcəsində mübarizə aparan Saman Təhmasibi Braziliyadan Brandao Sat, bolqarıstanlı Hristo Diyanov Marinov, Rusiya təmsilçisi Davit Çakvetadze üzərində qələbə qazanaraq yarımfinala yüksəlib və Olimpiya Oyunlarına vəsiqə qazanıb. Yarımfinalda güləşçimiz Ukrayna təmsilçisi Jan Belenyuka məğlub olduğundan bürünc medal uğrunda görüşə çıxıb. Macar Viktor Lorinczə qalib gələn Saman Təhmasibi dünya çempionatının bürünc medalına sahib olub.
Qadın güləşçilərin yarışında 48 kiloqram çəki dərəcəsindəki təmsilçimiz Mariya Stadnik finaladək inamlı güləş nümayiş etdirib. Ardıcıl olaraq Hollandiyadan Jessica Blazka, perulu Talia Jihan Malqui Peçe, Qazaxıstan təmsilçisi Tatyana Amanjol-Bakatyuk üzərində qələbə qazanıb və Olimpiadaya vəsiqə əldə edib. Yarımfinalda Çinli Hui Li üzərində təmiz qələbə qazanan Mariya Stadnik finala yüksəlib. Finalda güləşçimiz Yaponiya təmsilçisi Eri Tosaka ilə qarşılaşıb. Görüşün sonuna qədər hesabda öndə olan Mariya son saniyələrdə qələbəni əldən verib və dünya çempionatının gümüş medalına sahib olub.
Əlli üç kiloqram çəki dərəcəsində mübarizə aparan Avropa Oyunlarının qalibi Anjela Doroqan uğurlu startı ilə yadda qalıb. İlk olaraq, Çexiyadan Lenka Hockova Martinova, ardınca portuqaliyalı Gomez Guerreiro ilə görüşdən qalib ayrılsa da, güləşçimiz dörddəbir finalda üçqat Olimpiya və on birqat dünya çempionu Saori Yoşida ilə görüşdə uduzub. Rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılan Anjela Doroqan Viyetnamdan olan rəqibini üstələyib, həm bürünc medal şansı, həm də Olimpiya Oyunlarına vəsiqə qazanıb. Medal uğrunda son görüşdə güləşçimiz Koreya Respublikasından olan güləşçi M.Jonga məğlub olub və dünya çempionatını beşinci sırada tamamlayıb.
Qeyd edək ki, ilk iki yarış gününün yekunlarına əsasən güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq) və Sabah Şəriəti (130 kq) Olimpiya Oyunlarına vəsiqə əldə edib. Rəsul Çunayev (71 kq) qızıl, Rövşən Bayramov (59 kq) gümüş medala yiyələnib.