İDMAN
Azərbaycan güləşçiləri U-23 Avropa çempionatının ilk günündə iki medal qazanıblar VİDEO
Bakı, 25 mart, AZƏRTAC
Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, ilk dəfə keçirilən U-23 Avropa çempionatında 19-23 yaş arası idmançılar mübarizə aparırlar.
Çempionatın ilk günündə 57, 65, 74 və 97 kq çəki dərəcəsində sərbəst güləşçilər yarışıblar.
Azərbaycan güləşçiləri iki medal qazanıblar. Çempionatda 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Məhəmməd Müslümov ardıcıl olaraq Rumıniya və Bolqarıstan güləşçilərini mübarizədən kənarlaşdırıb. Gərgin keçən yarımfinal görüşündə italiyalı rəqibinə minimal hesabla uduzan təmsilçimiz bürünc medal uğrunda görüşə çıxıb. Moldova güləşçisini üstələyən Məhəmməd Müslümov çempionatın bürünc medalını qazanıb.
Çempionatın ilk günündə uğurlu çıxışı ilə yadda qalan güləşçimiz Nurməhəmməd Hacıyev (97 kq) olub. O, finaladək maneəsiz irəliləyib və ardıcıl olaraq Macarıstan, Rusiya və Almaniyadan olan rəqiblərini mübarizədən kənarlaşdırıb. Qızıl medal uğrunda keçirilən son görüşdə təmsilçimiz Gürcüstan idmançısına məğlub olub və gümüş medalla kifayətlənib.