İDMAN


Azərbaycan güləşçiləri hərbçilərin dünya çempionatının dördüncü günündə üç medal qazanıblar

Bakı, 23 sentyabr, Məhərrəm Əlioğlu, AZƏRTAC

Litvanın Klaypeda şəhərində keçirilən hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatının dördüncü günündə - sentyabrın 24-də Azərbaycan idmançıları 2 gümüş və 1 bürünc medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, bununla da Azərbaycan milli komandasının aktivindəki medalların sayı 10-a çatıb.

Litva Beynəlxalq Universitetinin idman zalında keçirilən yarışın dördüncü günündə Azərbaycanın dörd güləşçisi mübarizəyə qoşulub. Belə ki, yunan-Roma güləşçilərimiz Elton Vəzirzadə (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Cavid Feyziyev (130 kq) xalça üzərinə çıxıblar.

İlk görüşdə isveç güləşçisi Dietçe Damianı 4:3 hesabı ilə məğlub edən Elton Vəzirzadə sonrakı qarşılaşmada Koreya Respublikasından olan Yu Yeontak üzərində 4:3 hesabı ilə qələbə qazanıb. Daha sonra Elton Vəzirzadə Ermənistan idmançısı Rafike Manukyanı 6:4 hesabı ilə məğlub edərək finala çıxıb.

Finalda Elton Vəzirzadə ukraynalı Andrey Antonikə məğlub olub gümüş medal qazanıb. İslam Abbasov ilk görüşdə Estoniya təmsilçisi Piaser Martinə 8:0 hesabı ilə qalib gəlib. O, ikinci görüşdə yunanıstanlı İlias Boukiseni 9:0 hesabı ilə məğlub edib. Üçüncü yer uğrunda görüşdə İslam Abbasov erməni idmançı Argosti Abqaryanı 5:0 hesabı ilə məğlub edib və bürünc medal qazanıb.

Orxan Nuriyev Koreya Respublikasından olan Gu Hak Bonu 13:2, çin idmançısına 4:3, Finlandiya güləşçisinə isə 4:2 hesabı ilə qalib gəlib və ikinci olub.

İlk görüşdə çinli Siemge Qaribunu 4:0 hesabı ilə məğlub edən Cavid Feyziyev isə medal uğrunda mübarizəni dayandırıb.

Bu gün, həmçinin yarışların bağlanış mərasimi də olub.

Mərasimdə Litvanın dövlət və hökumət rəsmiləri, Beynəlxalq Hərbi İdman Şurasının (CISM) təmsilçisi Abdul Rahim Bello və CISM-in Qafqaz, Qara dəniz və Balkan regionu üzrə əlaqələndiricisi, ehtiyatda olan polkovnik Nevzat Varol və iştirakçı ölkələrin nümayəndə heyətləri iştirak ediblər.

Çıxış edənlər qalib idmançıları təbrik ediblər.

Xatırladaq ki, Azərbaycanın Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) komandasının da qatıldığı hərbçilərin güləş üzrə 32-ci dünya çempionatında 22 ölkədən 320-yə yaxın idmançı iştirak edib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, MOİK-in rəisi polkovnik-leytenant Rəşad Quliyev, sərbəst güləş üzrə komandamızın rəhbəri Nazim Əlicanov, yunan–Roma güləşi üzrə komandamızın rəhbəri isə Taleh İsrafilovdur. Azərbaycan nümayəndə heyətinin tərkibinə, həmçinin beynəlxalq dərəcəli hakimlər Elman İsmayılov və Tural Əliyev də daxil olub.

Qeyd edək ki, sərbəst güləş üzrə yığmamız komanda hesabında dünya çempionatında 3-cü yerə çıxıb və kuboka layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.