CƏMİYYƏT
Azərbaycan haqqında təqdimat Haciyogi məktəbliləri tərəfindən maraqla qarşılanıb VİDEO
Tokio, 4 mart, AZƏRTAC
Azərbaycan haqqında təqdimat Haciyogi ibtidai məktəbinin şagirdləri tərəfindən böyük maraqla qarşılanıb.
AZƏRTAC xəbər verir ki, Yaponiyada fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin və “Hachiyoji İnternational Assosiation” təşkilatının təşəbbüsü ilə keçirilən tədbirdə məktəbin şagirdləri və müəllimlər iştirak ediblər.
Əvvəlcə qonaqlar məktəbin kitabxanası ilə tanış olublar. Mərkəzin sədri Xəlil Kələntər Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi tərəfindən buraxılan Azərbaycanın tarixi və mədəniyyəti haqqında yapon dilində nəşrləri, “İrs-İsan” jurnalının nömrələrini məktəbə hədiyyə edib.
Tədbirdə şagirdlərə məlumat verilərək bildirilib ki, son illər Yaponiya kütləvi informasiya vasitələrinin ən çox diqqət yetirdiyi ölkələr sırasında Azərbaycan xüsusi yer tutur. Azərbaycanın müstəqilliyinin bərpasından sonra qısa müddətdə əldə etdiyi uğurlar, sürətli və dinamik inkişaf bütün dünya kimi yaponların da diqqətini cəlb edib. Ona görə də Yaponiyada yaşayan azərbaycanlılarla məktəblilərin görüşünün keçirilməsi qərar alınıb. Bildirilib ki, mərkəzin sədri Xəlil Kələntər artıq 40 ilə yaxındır Haçiyogi şəhərində yaşayır və elektronika sahəsində aparıcı mütəxəssis kimi yalnız Yaponiyada deyil, eyni zamanda, dünyanın bir çox ölkələrində də yaxşı tanınıb.
Sonra mərkəzin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər ölkəmiz haqqında geniş təqdimatla çıxış edib. Azərbaycanın tarixi, coğrafi mövqeyi, dövlət atributları, mədəniyyəti, zəngin karbohidrogen ehtiyatları, turizm potensialı, müstəqilliyin bərpasından sonra əldə edilən uğurları, Azərbaycan-Yaponiya əlaqələri barədə məlumat verib.
Qeyd edib ki, Azərbaycan müxtəlif mədəniyyətlərin birləşdiyi, multikultural və tolerant ölkə kimi bütün dünyada yaxşı tanınıb. Burada yalnız azərbaycanlılar deyil, həm də digər xalqların nümayəndələri dostluq və mehriban qonşuluq şəraitində yaşayırlar.
Müstəqilliyin bərpasından keçən dövrdə Azərbaycanda təhsil sahəsində mühüm irəliləyişlərin əldə edildiyinə diqqət çəkən X.Kələntər ötən dövrdə həm paytaxtda, həm də rayonlarda çoxlu sayda yeni məktəblərin inşa olunduğunu, köhnələrin əsaslı təmir edilərək yeni avadanlıqla təmin edildiyini vurğulayıb. Ölkəmizdə təhsilin dünya standartları səviyyəsinə çatdırılması üçün islahatların uğurla davam etdirildiyini bildirib.
Azərbaycanın dünyanın enerji təhlükəsizliyində mühüm rolunu qeyd edən mərkəzin sədri Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, TAP və TANAP layihələri barədə də ətraflı məlumat verib. Həmin layihələrdə yapon şirkətlərinin yaxından iştirak etdiyi xüsusi vurğulanıb.
X.Kələntər müsəlman Şərqinin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti, onun həyata keçirdiyi islahatlar, dövlətçilik ənənələrinin bərpası və inkişafı istiqamətində atdığı addımlardan da danışıb.
Azərbaycan diasporunun Yaponiyadakı fəaliyyəti barədə məlumat verən mərkəzin sədri həmyerlilərimizin bu gündoğar ölkənin ictimai-siyasi, iqtisadi, mədəni və idman həyatında fəal iştirak etdiyini qeyd edib. Bildirib ki, əsasən ziyalı təbəqəsinə məxsus olan Azərbaycan icmasının üzvləri Yaponiya ali məktəblərində təhsil almaqla yanaşı, müxtəlif şirkətlərdə, elm və mədəniyyət müəssisələrində çalışaraq ölkənin inkişafına öz töhfələrini verməkdədirlər.
Son illər Azərbaycan ilə Yaponiya arasında regionlararası əməkdaşlığın da inkişaf etdiyini qeyd edən X.Kələntər buna misal olaraq İsmayıllı və İto şəhərləri arasında artıq ənənəyə çevrilmiş şagird mübadiləsi proqramını xatırladıb. Bildirib ki, hər il İsmayıllıdan Yaponiyaya və İtodan Azərbaycana səyahət edən şagird və müəllimlər qurduqları yeni əlaqələr vasitəsilə iki ölkə arasında əməkdaşlığın inkişafına mühüm töhfələr verirlər.
Sonra o, şagirdlərin suallarını hərtərəfli cavablandırıb.
Tədbirdə iştirak edən şagirdlər Azərbaycan haqqında müxtəlif nəşrlərin, mədəniyyət nümunələrinin təqdim edildiyi sərgi ilə də tanış olublar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio