ELM VƏ TƏHSİL
Azərbaycan haqqında təqdimat Tokio məktəbliləri tərəfindən maraqla qarşılanıb
Tokio, 2 noyabr, AZƏRTAC
Azərbaycan haqqında təqdimat Tokionun “Kojiya Junior School” məktəbinin şagirdləri tərəfindən böyük maraqla qarşılanıb.
AZƏRTAC xəbər verir ki, Yaponiyada fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin və “CMC” qeyri-hökumət təşkilatının təşəbbüsü ilə keçirilən tədbirdə məktəbin 150-dən çox şagirdi və müəllimi iştirak edib.
Əvvəlcə qonaqlar məktəbin kitabxanası ilə tanış olublar. Mərkəzin sədri Xəlil Kələntər Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən buraxılan Azərbaycanın tarixi və mədəniyyəti haqqında yapon dilində nəşrləri məktəbə hədiyyə edib.
Məktəbin idman zalında keçirilən tədbirdə qonaqları “Vadayko” qrupunun təbil çalanları qarşılayıb. “CMC” təşkilatının baş katibi Okada Tamaki və məktəbin direktor müavini Yasuşi Nakayama məlumat verərək bildiriblər ki, son illər Azərbaycan adı Yaponiyada ən çox çəkilən ölkə adlarından biridir. Bu ölkə qısa müddətdə əldə etdikləri uğurları, sürətli və dinamik inkişafı ilə yaponların da diqqətini cəlb edib. Ona görə də Yaponiyada yaşayan azərbaycanlılarla məktəblilərin görüşünün keçirilməsi qərar alınıb. Bildirilib ki, mərkəzin sədri Xəlil Kələntər artıq 40 ilə yaxındır ki, Tokioda yaşayır və elektronika sahəsində çalışan mütəxəssis kimi yalnız Yaponiyada deyil, eyni zamanda, dünyanın digər ölkələrində də yaxşı tanınıb. Tədbirdə iştirak edən digər azərbaycanlı qonaqlar da şagirdlərə təqdim edilib.
Sonra mərkəzin sədri Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər ölkəmiz haqda geniş təqdimatla çıxış edib. Azərbaycanın tarixi, coğrafi mövqeyi, dövlət atributları, mədəniyyəti, zəngin karbohidrogen ehtiyatları, turizm potensialı, müstəqilliyin bərpasından sonra əldə edilən uğurları, Azərbaycan-Yaponiya əlaqələri barədə məlumat verib.
Qeyd edib ki, dünya türk birliyinin ayrılmaz tərkib hissəsi olan Azərbaycan, eyni zamanda, müxtəlif mədəniyyətlərin birləşdiyi, multikultural və tolerant ölkə kimi bütün dünyada yaxşı tanınıb. Burada yalnız azərbaycanlılar deyil, həm də digər xalqların nümayəndələri dostluq və mehriban qonşuluq şəraitində yaşayırlar.
Müstəqilliyin bərpasından keçən dövrdə Azərbaycanda təhsil sahəsində mühüm irəliləyişlərin əldə edildiyinə diqqət çəkən X.Kələntər ötən dövrdə həm paytaxtda, həm də rayonlarda çoxlu sayda yeni məktəblərin inşa olunduğunu, köhnələrin əsaslı təmir edilərək yeni avadanlıqla təmin edildiyini vurğulayıb. Ölkəmizdə təhsil islahatlarının uğurla davam etdirildiyini bildirib.
Azərbaycanın dünyanın enerji təhlükəsizliyində mühüm rolunu qeyd edən mərkəzin sədri Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, TAP və TANAP layihələri barədə də ətraflı məlumat verib. Həmin layihələrdə yapon şirkətlərinin yaxından iştirak etdiyi xüsusi vurğulanıb.
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyət İli” elan edildiyini bildirən X.Kələntər müsəlman Şərqinin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti, onun həyata keçirdiyi islahatlar, dövlətçilik ənənələrinin bərpası və inkişafı istiqamətində atdığı addımlardan danışıb.
Azərbaycan diasporunun Yaponiyadakı fəaliyyəti barədə məlumat verən mərkəzin sədri həmyerlilərimizin bu gündoğar ölkənin ictimai-siyasi, iqtisadi, mədəni və idman həyatında fəal iştirak etdiyini qeyd edib. Bildirib ki, əsasən ziyalı təbəqəsinə məxsus olan Azərbaycan icmasının üzvləri Yaponiya ali məktəblərində təhsil almaqla yanaşı, müxtəlif şirkətlərdə, elm və mədəniyyət müəssislərində çalışaraq ölkənin inkişafına öz töhfələrini verməkdədirlər.
Son illər Azərbaycan ilə Yaponiya arasında regionlararası əməkdaşlığın da inkişaf etdiyini qeyd edən X.Kələntər buna misal olaraq İsmayıllı və İto şəhərləri arasında artıq ənənəyə çevrilmiş şagird mübadiləsi proqramını xatırladıb. Bildirib ki, hər il İsmayıllıdan Yaponiyaya və İtodan Azərbaycana səyahət edən şagird və müəllimlər qurduqları yeni əlaqələr vasitəsilə iki ölkə arasında əməkdaşlığın inkişafına mühüm töhfələr verirlər.
Sonra tədbir iştirakçıları kiçik qruplara ayrılaraq, şagirdlərin suallarını hərtərəfli cavablandırıblar.
Tədbirdə çıxış edən şagirdlər maraqlı məlumata görə qonaqlara minnətdarlıqlarını bildiriblər. Sonda xatirə şəkli çəkdirilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio