SİYASƏT


Azərbaycan haqqında təqdimat Yaponiyanın məktəb şagirdləri tərəfindən maraqla qarşılanıb

Tokio, 17 avqust, AZƏRTAC

Azərbaycan haqqında təqdimat Yaponiyanın Naqasaki şəhərinin Nanzan məktəbinin müəllim və şagird heyəti tərəfindən böyük maraqla qarşılanıb.

AZƏRTAC xəbər verir ki, Naqasaki şəhərinə atom bombası atılmasının 77-ci ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün bu şəhərə səfər edən Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə Nanzan məktəbinin müəllim və şagird heyəti ilə görüşüb, onların qarşısında ölkəmiz haqqında təqdimatla çıxış edib.

Naqasaki şəhərinin aparıcı təhsil ocaqlarından biri olan Nanzan orta və yuxarı sinif məktəbi ingilis dili və sülh məsələləri ilə bağlı xüsusi tədris proqramı ilə tanınır.

Təqdimat zamanı, G.İsmayılzadə Azərbaycanın coğrafi mövqeyi, tarixi, 1918-1920-ci illərdə müsəlman dünyasında ilk demokratik dövlət kimi fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti, 1991-ci ildə müstəqilliyini bərpa edən ölkəmizin qarşılaşdığı ilk çətinliklər haqqında ətraflı bəhs edib.

Nəzərə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan xalqının qəti təkidi ilə hakimiyyətə qayıtması ölkəmizin dərin böhrandan çıxmasına, inkişaf istiqamətində irəliləməsinə və güclü dövlətə çevrilməsinə zəmin yaradıb.

G.İsmayılzadə ölkəmizin hazırkı siyasi, iqtisadi və ictimai vəziyyəti, o cümlədən həyata keçirilən geniş sosial-iqtisadi islahatlar, qeyri-enerji sektorunun inkişafı haqqında məlumat verib, diqqəti Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın regionun aparıcı dövlətinə çevrilməsinə yönəldib.

Keçmiş Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin 1988-ci il və 1992-1994-cü illər ilə bağlı faktları, Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri haqqında ətraflı məlumat verilib.

Bu xüsusda ermənilərin törətdiyi Xocalı soyqırımı haqqında da geniş bəhs edilib. Bildirilib ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini atəşə tutub.

Vurğulanıb ki, Ermənistan silahlı qüvvələrinin mülki insanların sıx şəkildə yaşadığı yerləri və obyektləri intensiv şəkildə atəşə tutması nəticəsində mülki əhali və hərbi qulluqçular həlak olub və yaralanıb, çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyib. Buna cavab olaraq, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünü müdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə əks-hücum və cavab tədbirlərini həyata keçirib.

G.İsmayılzadə bildirib ki, 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidenti tərəfindən atəşkəs haqqında razılaşma imzalanıb. Qeyd olunan sənədlərə əsasən, Azərbaycanın 30 ilə yaxın Ermənistan tərəfindən işğal olunmuş əraziləri 2020-ci il dekabrın 1-də azad edilib və oradan qovulmuş azərbaycanlılar tezliklə öz evlərinə qayıdacaqlar.

Səfir vurğulayıb ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, sarsılmaz iradəsi və Milli Ordumuzun əsgərlərinin igidliyi sayəsində, Azərbaycan Vətən müharibəsində böyük Qələbə qazanıb.

G.İsmayılzadə Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş bütün əraziləri yaşıl enerji zonası elan etdiyi və bu ərazilərdə genişmiqyaslı tikinti-bərpa işlərinin apardığı haqqına da məlumat verib. Bildirib ki, Azərbaycan innovativ texnologiyalardan, o cümlədən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasından istifadə edərək yeni yaşayış məntəqələrinin tikintisini sürətlə davam etdirir.

Sonda müəllim və tələbələrin çoxsaylı sualları ətraflı cavablandırılıb.

Nanzan məktəbində keçirilən tədbir yerli “Naqasaki Shimbun” qəzetində də işıqlandırılıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.