SİYASƏT
Azərbaycan həqiqətləri Avstraliya parlamentində səsləndirilib
Bakı, 14 oktyabr, AZƏRTAC
Xəbər verildiyi kimi, bu il sentyabrın 26-da ölkə Konstitusiyasında dəyişikliklərin edilməsi ilə əlaqədar ümumxalq səsverməsini müşahidə etmək üçün Avstraliya İttifaqı parlamentinin üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdə olub.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə nümayəndə heyətinin tərkibinə parlamentin senatoru Bək Kristofer Con, Nümayəndələr Palatasının üzvü Kelli Kraig Robert və Qərbi Avstraliya parlamentinin deputatı xanım Elizabet Behjat daxil idilər.
Oktyabrın 13-də Qərbi Avstraliya parlamentinin üzvü Elizabet Behjat ölkəmizə səfəri barədə parlamentdə çıxış edib. O, öz çıxışında bildirib ki, referendumla əlaqədar seçki prosesini izləmək üçün Avstraliya nümayəndə heyəti Azərbaycanda 20 seçki məntəqəsində olub, prosesin tam şəffaf, azad şəkildə keçirildiyini müşahidə edib. Çox yüksək səviyyədə təşkil edilən ümumxalq səsverməsi demokratik şəraitdə keçirilib. Referendumun nəticəsinə görə, Konstitusiyanın 23 maddəsinə dəyişiklik edilib, 6 yeni maddə isə əlavə olunub.
Xanım Elizabet Behjat Azərbaycan haqqında danışarkən bildirib ki, ölkə ərazisinin bir qismi Ermənistan tərəfindən işğal olunub. Münaqişə nəticəsində ölkədə bir milyondan çox qaçqın və məcburi köçkün yaranıb. Bu məsələ Azərbaycan və Avstraliya xarici işlər nazirlərinin son Nyu-York görüşündə də müzakirə edilib.
Elizabet Behjat Prezident İlham Əliyevin xalq tərəfindən sevildiyini xüsusi vurğulayaraq qeyd edib ki, hələ ulu öndər Heydər Əliyev dönəmində Qafqazın bu bölgəsində müasir, demokratik Azərbaycan yaradılıb. Xalq onun xatirəsini dərin ehtiram hissi ilə yad edir. Biz Heydər Əliyev Mərkəzində olarkən bunun canlı şahidi olduq.
Bakı haqqında danışan avstraliyalı deputat ölkə paytaxtını modern və tarixi bir şəhər kimi xarakterizə edərək, onun əla təbiəti və maraqlı memarlığı olduğunu söyləyib. Bildirilib ki, Bakı son dövrdə beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilib. Belə ki, ölkə paytaxtı 2013-cü ildə möhtəşəm “Eurovision” mahnı yarışmasına, 2015-ci ildə isə birinci Avropa Oyunlarına ev sahibliyi edib. Bu tədbirdə 40-dan çox Avropa ölkəsinin nümayəndələri iştirak ediblər. 2020-ci ildə futbol üzrə Avropa Çempionatının bəzi oyunları Azərbaycanda keçiriləcək. Bu, ölkənin beynəlxalq miqyasdakı artan nüfuzundan xəbər verir.
Elizabet Behjat xüsusi vurğulayıb ki, Azərbaycan xalqı çox yüksək mədəniyyətə və qədim tarixə malikdir. Əhalinin böyük əksəriyyətini müsəlmanlar təşkil etsə də, burada başqa dinlərə mənsub xalqlara – xristianlara, yəhudilərə böyük hörmətlə yanaşılır. Tolerantlıq və multikulturalizm kimi dəyərlər bu xalqa xas xüsusiyyətlərdir.
Azərbaycan yaxın günlərdə öz dövlət müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümünü təntənə ilə qeyd etməyə hazırlaşır. Avstraliyada da bu tarixi hadisə qeyd olunacaq. Bu tədbirlərə qatılmaq üçün ölkəmizə bu günlərdə Azərbaycan parlamentinin nümayəndə heyəti səfər edəcək.