REGİONLAR
Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolu böyükdür
Beyləqan, 22 iyul, AZƏRTAC
Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolu və jurnalistlərin fəaliyyəti böyükdür. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımız 44 günlük Vətən müharibəsi zamanı da ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Heydər Əliyev Mərkəzində 22 iyul - Milli Mətbuat Günü münasibətilə keçirilən tədbirdə səsləndirilib. Tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə tər güllər qoyaraq, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.
Beyləqan rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Kərimova jurnalistləri peşə bayramları münasibətilə təbrik edib, bir xalqın tərəqqisini, xüsusilə də milli şüurunun inkişafını mətbuatsız təsəvvür etməyin çətin olduğunu diqqətə çatdırıb. Natiq mətbuatın inkişafını şərtləndirən başlıca amil kimi ölkəmizdə yaradılmış demokratik mühit, söz və ifadə azadlığının təmin olunması, plüralizm və ən əsası mətbuata göstərilən dövlət qayğısını vurğulayıb. Bildirib ki, ümummilli lider Heydər Əliyevin senzuranı ləğv etməsi mətbuatın inkişafını sürətləndirməklə yanaşı, bu sahənin sağlam təməllər üzərində dayanması, mətbuatın zəngin və şərəfli tarixinə layiq fəaliyyət göstərməsinə güclü stimul yaratdı. Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı Ümummilli Liderin layiqli varisi Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib.
Beyləqan rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, “Qurtuluş” qəzetinin təsisçisi və baş redaktoru Elman İsrafiloğlu və başqaları milli mətbuatın ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında oynadığı roldan bəhs edib, tədbirin təşkilatçılarına minnətdarlığını bildiriblər.