CƏMİYYƏT
Azərbaycan hər zaman İranın maraqlarına hörmətlə yanaşıb və haqlı olaraq bunun qarşılığını gözləyir
Bakı, 8 oktyabr, AZƏRTAC
Azərbaycan hər zaman İranın maraqlarına hörmətlə yanaşıb və haqlı olaraq bunun qarşılığını gözləyir. Bu dost münasibətə hərbi təlimlərlə və ultimatumla cavab verilməsi anlaşılan deyil.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov söyləyib.
Təşkilatın sədr müavini qeyd edib ki, Azərbaycanın dost münasibəti fonunda İranın bu addımları təəssüf hissi doğurur. Azərbaycan hər zaman bütün qonşulara, o cümlədən İran dövlətinə münasibətdə xoş davranış sərgiləyib, mehriban qonşuluq siyasəti yürüdüb. Tarixə nəzər salsaq görərik ki, Azərbaycan heç vaxt İrana qarşı qlobal güclərin həyata keçirdiyi təzyiq siyasətinə dəstək verməyib, anti-İran xarakterli beynəlxalq kampaniyalara qoşulmayıb. Ölkəmizin ərazisində İrana qarşı hər hansı bir fəaliyyət həyata keçirilməyib.
“Azərbaycan hər zaman İrana münasibətdə hörmət və həssaslıqla yanaşıb. Lakin təəssüflər olsun ki, İran tərəfi torpaqlarımız işğaldan azad ediləndən sonra sərhədlərimiz boyunca genişmiqyaslı hərbi təlimlər keçirməyə başlayıb ki, bu da başa düşülən deyil. İran hər zaman özünü dünya miqyasında İslam təəssübkeşi olan dövlət kimi təqdim edib. Lakin məscidləri dağıdan, təhqir edən Ermənistanın son otuz ildə həyata keçirdiyi vəhşiliklərə etiraz etməyib. Hesab edirəm ki, İran tərəfi Azərbaycanın haqlı narahatlığını anlamalı, qonşuluq münasibətinə xələl gətirən bu kimi addımlara yol verməməlidir”, - deyə ehtiyatda olan polkovnik vurğulayıb.