İQTİSADİYYAT
Azərbaycan hökuməti növbəti dövrlərdə də məcburi köçkünlərin dəstəklənməsini davam etdirəcək
Bakı, 30 may, Samirə Quliyeva, AZƏRTAC
Məcburi köçkünlərin sosial problemləri Azərbaycan hökuməti üçün prioritet məsələlərdən biridir. Ötən müddətdə 100-dən çox məcburi köçkün şəhərciyi salınıb. Bu, 300 mindən çox məcburi köçkünün evlə təmin olunması deməkdir.
Bu barədə AZƏRTAC-a Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Deputat qeyd edib ki, 1993-2019-cu illərdə məcburi köçkünlərin sosial problemlərinin həlli üçün 8 milyard manata yaxın vəsait ayrılıb. Bu məbləğin 3,5 milyard manatdan çoxu dövlət büdcəsinin payına düşüb, 2,5 milyard manat vəsait Dövlət Neft Fondu tərəfindən ayrılıb. Eyni zamanda, digər humanitar qurumlar tərəfindən təxminən 1,4 milyard manatlıq vəsait ayrılıb. Bu məbləğ, eləcə də məcburi köçkünlərin sosial və mənzil problemləri ilə bağlı məsələlərin həlli onu göstərir ki, onların sosial və iqtisadi problemlərinin həlli məsələsi Azərbaycan hökumətinin diqqət mərkəzindədir. Ölkəmizin başçısının rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsas hədəflərindən biri də məhz məcburi köçkünlərin sosial təminatının gücləndirilməsinə xidmət edir. Bu baxımdan məcburi köçkünlərə mütəmadi olaraq dövlət qayğısının artırılmasını müşahidə edirik. Məcburi köçkünlər üçün mənzil təminatının yaxşılaşdırılması vacib məsələlərdəndir. “Qobu Park-3” yaşayış kompleksi ondan xəbər verir ki, məcburi köçkünlərin mənzil probleminin həlli istiqamətində tədbirlər davam etdiriləcək. Bununla bağlı siyasi iradə var. Pandemiya və dünya bazarında neftin qiymətinin aşağı olmasına baxmayaraq, bu istiqamətdə ayrılan vəsaitin artırılmasının təmin olması bir daha təsdiqləyir ki, həssas dönəmlərdə də məcburi köçkünlərin mənzil və sosial probleminin yaxşılaşdırılması hökumət üçün prioritet olaraq qalmaqdadır. Azərbaycan hökuməti növbəti dövrlərdə də məcburi köçkünlərin daha yaxından dəstəklənməsini həyata keçirəcək və bu siyasət davam etdiriləcək.
“Azərbaycan ordusunun maddi-texniki bazası ildən-ilə güclənir. Ölkəmiz regionda ən güclü orduya malikdir. Aprel hadisələri göstərdi ki, vətəndaşlarımızın vətənpərvərlik hissləri çox güclüdür. Bu baxımdan məcburi köçkünlər üçün digər şəhər və rayonlarda mənzil təminatının yaxşılaşdırılması ilə bağlı layihələrin və proqramların həyata keçirilməsi fonunda onlar öz doğma torpaqlarına qayıtmaqda israrlıdırlar. İnanırıq ki, ölkə başçısının rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edəcəyik və məcburi köçkünlər doğma yurd-yuvalarına qayıdacaqlar”, - deyə V.Bayramov diqqətə çatdırıb.