SİYASƏT
Azərbaycan ictimaiyyəti ulu öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla anır
Bakı, 12 dekabr, AZƏRTAC
Xalqımızın ulu öndəri Heydər Əliyevin əbədiyyətə qovuşmasından 17 il ötür. Ölkə ictimaiyyətinin nümayəndələri Fəxri xiyabana gələrək Ümummilli Liderin məzarını ziyarət edir, xatirəsini ehtiramla anırlar.
AZƏRTAC xəbər verir ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsini yad etməyə gələnlər sırasında Vətən müharibəsinin qaziləri, hərbçilər, dövlət təşkilatlarının nümayəndələri, elm və mədəniyyət xadimləri, müharibə və əmək veteranları, hər yaşda olan insanlar var. Bir çoxları Fəxri xiyabana ailəliklə gəlib. Hər kəs Ümummilli Liderin məzarı üzərinə qərənfil, gül qoyur, işıqlı xatirəsi önündə ehtiramla baş əyirlər.
Ulu Öndərin xatirə günü Vətən müharibəsində qazanılan böyük Zəfərin sevinc və qürurunu yaşadığımız bir vaxta təsadüf edir. Xalqımızın böyük oğlu Heydər Əliyevin ruhu şaddır. Çünki Ümummilli Liderin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Onun bu arzusu artıq reallaşıb. Prezident, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü hərbi-siyasi yolla bərpa olunub. Rəşadətli ordumuz düşməni torpaqlarımızdan qovub çıxarıb. İndi üçrəngli bayrağımız Vətən torpaqlarında, Qarabağın tacı Şuşada qürurla dalğalanır.
Müstəqil Azərbaycanın hər bir uğuru və zəfəri ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun qurduğu möhkəm təməl üzərində ölkə həyatının bütün sahələrində misilsiz inkişaf yaşanır, Azərbaycan daha parlaq gələcəyə doğru inamla irəliləyir. Vətəni və xalqı qarşısında misilsiz xidmətlər göstərmiş Heydər Əliyevin ölməz ideyaları bu gün də yollarımızı işıqlandırır. Ötən 17 ildə həyatımızda çox şey dəyişsə də, xalqın öz böyük oğluna məhəbbəti əbədidir. Bu tükənməz məhəbbət Fəxri xiyabanda müşahidə olunan mənzərələrdə özünü bir daha təcəssüm etdirir.
Xalqımız ağır günlərdə onun köməyinə yetişən, müstəqilliyimizi əbədi və dönməz edən böyük oğluna növbəti dəfə öz vəfa borcunu verir. Bütün həyatını canından əziz bildiyi Vətəninə həsr edən, Azərbaycanı dünya arenasına çıxaran Ümummilli Liderin misilsiz xidmətləri unudulmur və heç vaxt da unudulmayacaq. Onun parlaq xatirəsi qəlblərdə əbədi yaşayacaq.
X X X
Ulu öndər Heydər Əliyevin əziz xatirəsi Azərbaycanın bölgələrində, xarici ölkələrdə də anılır. Bu, bir daha göstərir ki, Heydər Əliyev mənən xalqı ilə birlikdədir, bütün soydaşlarımız üçün qürur mənbəyidir.