İDMAN


Azərbaycan idman jurnalistlərinin ikinci respublika toplantısı keçirilib

Bakı, 20 fevral, AZƏRTAC

Fevralın 20-də onlayn formatda Azərbaycan idman jurnalistlərinin ikinci respublika toplantısı keçirilib. Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AIJF) təşkilatçılığı ilə keçirilən tədbirdə idman mediasının nümayəndələri və idman qurumlarının mətbuat katibləri iştirak ediblər.

AİJF-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra AİJF-nin illik fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.

AİJF-nin prezidenti Qabil Mehdiyev çıxış edərək ötən il qurumun fəaliyyəti ilə bağlı hesabat verib. Qeyd edilib ki, qarşıya qoyulan planların hamısının koronavirus pandemiyasına görə həyata keçirilməsi mümkün olmasa da, mövcud şəraitdə icrası mümkün olan bütün tədbirlər həyata keçirilib. Müstəqillik, yenilməzlik, qəhrəmanlıq simvolu olan 44 günlük Vətən müharibəsində idman jurnalistləri və idmançıların da böyük şücaət göstərdiklərini vurğulayan Q.Mehdiyev AİJF-nin nümayəndələrinin Vətən müharibəsində canından keçən şəhid idmançıların ailələrini ziyarət etdiyini, müharibə iştirakçıları, qazilərlə görüşlər keçirdiyini bildirib.

AİJF-nin Medianın İnkişafı Agentliyi ilə əməkdaşlığa dair danışıqlar apardığını bildirən Qabil Mehdiyev bu müzakirələrin davam etdiyini diqqətə çatdırıb.

Toplantıda AİJF-nin ötən müddətdə keçirdiyi tədbirlər arasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Milli Karate Federasiyası ilə əməkdaşlığa dair anlaşma memorandumlarının imzalanması, Kiberidman Federasiyası ilə birlikdə idman jurnalistləri arasında “PES2020” üzrə Azərbaycan çempionatının təşkili, 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ölkənin bütün KİV-lərinin qadın idman jurnalistləri ilə görüş keçirilməsi, Milli Mətbuat Günü münasibətilə veteran idman jurnalistlərinin ziyarət edilməsi, koronavirusa qarşı mübarizə məqsədilə sosial təbliğat videoçarxlarının hazırlanması xüsusi vurğulanıb.

Qabil Mehdiyev bildirib ki, AİJF üzvləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən qanvermə aksiyasına qoşulublar və aksiyaya görə Birinci vitse-prezidentin təşəkkür etdiyi təşkilatlar arasında AİJF də yer alıb. Tədbirdə o da qeyd edilib ki, qurum Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ilə birlikdə dopinqlə mübarizəyə aid KİV nümayəndələri arasında vebinarlar, Azərbaycan komandasının “Sidney-2000” Olimpiadasındakı iştirakının 20 illiyi münasibətilə videokonfrans keçirib, eləcə də Mirpaşa Miriyevin 100 illik yubileyi münasibətilə idman jurnalistləri arasında yazı müsabiqəsi təşkil edib.

Qabil Mehdiyev ötən müddətdə qurumla sıx əməkdaşlıq edən Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Milli Antidopinq Agentliyi və müxtəlif idman qurumlarına minnətdarlığını bildirib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova toplantı iştirakçılarına gənclər və idman naziri Azad Rəhimovun salamlarını çatdırıb. Ötən bir il ərzində AİJF-nin uğurla fəaliyyət göstərdiyini bildirən S.Məmmədova idman jurnalistlərinin həmişə diqqət mərkəzində olduğunu, onların yarışlarda iştirakının daim təmin edilməsinin vacibliyini bildirib.

Milli Olimpiya Komitəsinin mətbuat xidmətinin rəhbəri Günay Malikqızı idman jurnalistikasının son illər inkişaf etdiyini diqqətə çatdırıb. O, ötən müddətdə idman jurnalistlərini sıralarında birləşdirən AİJF-nin bir sıra tədbirlər və layihələr həyata keçirməsinin təqdirəlayiq hal olduğunu bildirib.

AİJF idarə heyətinin üzvləri Mahir Rüstəmli, Firuz Abdulla, Vüqar Zeynalov, Sənan Şəfizadə, idman jurnalistləri Vüqar Vüqarlı, Şəmsəddin Abbasov, Aydın Bağırov, Ağa Dadaşzadə, İlkin Baba, Kamran Hacı, Seymur Teymurov, Ceyhun Əliyev, AMADA-nın mətbuat xidmətinin rəhbəri Vamiq Nəsirov çıxışlarında idman jurnalistikasının problemlərindən və perspektivlərindən söhbət açıblar.

Daha sonra idman mediasını narahat edən məsələlər müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.