İDMAN


Azərbaycan idmançıları Tbilisidə keçirilən əlil arabasında qılıncoynatma yarışlarında uğurlu çıxış ediblər

Tbilisi, 10 noyabr, AZƏRTAC

Əlil arabasında qılıncoynatma üzrə Azərbaycan milli komandası Tbilisidə keçirilən Dünya Kuboku yarışlarında uğurla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, Dünya Kubokunda 45 ölkədən 500-ə yaxın əlil idmançı iştirak edir. Azərbaycanın idman şərəfini bu yarışda Abdulbağı Abdullayev və Aytəkin Həsənova qoruyublar.

Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının prezidenti Asəf Məlikov jurnalistlərə açıqlamasında bildirib ki, idmançımız Abdulbağı Abdullayev rapira yarışında hesabına 4 xal yazdırıb. Aytəkin Həsənova isə rapira və sablya növlərinin hər birində 4 xal əldə edib.

A.Məlikov deyib ki, hər iki idmançımız dünya səviyyəli yarışlarda ilk dəfə iştirak edirlər. Tbilisidəki yarışlar “Tokio-2020” Yay Paralimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. İdmançılarımızın əldə etdikləri xallar ümumi reytinqə əlavə olunacaq və reytinqə əsasən lisenziya əldə etmək şansı yaranacaq.

Dünya Kubokunda ümumi nəticələrə görə Aytəkin Həsənova paralimpiya reytinqində rapira və sablya növləri üzrə, Abdulbağı Abdullayev isə yalnız rapira növü üzrə 17-ci yerdə qərarlaşıblar.

Federasiya prezidenti qeyd edib ki, beynəlxalq yarışlara qatılmaq təcrübə toplamaqla yanaşı, azərbaycanlı hakimlərin peşəkarlıq səviyyəsinin artırılması baxımından da çox önəmlidir: “Yarışlar çərçivəsində mən, eyni zamanda, Məryəm Məlikova və Nübar Məlikova beynəlxalq dərəcəli hakim adı almaq üçün imtahanları müvəffəqiyyətlə vermişik. İlkin mərhələ olaraq biz namizəd kateqoriyasını qazanmışıq”.

Qeyd edək ki, yarışa noyabrın 11-də yekun vurulacaq.

İdmançılarımız bundan sonra dekabrda Tokioda, gələn il isə daha iki şəhərdə yarışlarda iştirak edəcəklər. Qarşıdakı yarışlarda toplanan xallara uyğun olaraq, idmançılarımızın “Tokio-2020” Yay Paralimpiya Oyunlarında iştirakı müəyyənləşəcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.