İDMAN
Azərbaycan idmançıları martda beynəlxalq yarışlarda 70-dək medal qazanıblar
Bakı, 1 aprel, AZƏRTAC
Azərbaycan idmançıları martda beynəlxalq yarışlarda 70-dək medal qazanıblar. Yunan-Roma güləşi, sərbəst güləş, bədii gimnastika, idman gimnastikası, akrobatika gimnastikası, güllə atıcılığı, taekvondo, cüdo, paracüdo, boks, stolüstü tennis, karate, para-karate və digər idman növlərində uğurlarımız oldu.
AZƏRTAC xəbər verir ki, bu fikirlər gənclər və idman naziri Fərid Qayıbovun mart ayı ilə bağlı qurumun rəsmi saytındakı qeydində yer alıb.
Nazir bildirib ki, 23 yaşadək gənclərdən ibarət sərbəst güləş üzrə Azərbaycan millisi ardıcıl ikinci dəfə Avropa çempionu oldu. Üç qızıl, bir gümüş və bir bürünc medal qazanan yığmamızın 140 xalla titulunu qoruması bu idman növündə sabaha nikbin baxmağa əsas verir. Sevindirici haldır ki, Paris Olimpiadasına ilk lisenziyamız da qazanıldı. Güllə atıcımız Ruslan Lunyov Estoniyanın Tallin şəhərində keçirilən Avropa çempionatında 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışında gümüş medal qazanmaqla Olimpiadaya vəsiqə əldə etdi.
“Ölkəmiz daha bir mötəbər yarışa - kişi və qadın idman gimnastikası üzrə dünya kuboku yarışlarına ev sahibliyi etdi. Sözsüz ki, inkişaf birdən-birə olmur. Bunun üçün səbirlə və düzgün yanaşma ilə çalışmaq lazımdır. 2016-cı ildə 19 ölkənin iştirakı ilə başladığımız dünya kuboku yarışlarında bu dəfə - 2023-cü ildə rekord sayda - 48 ölkə təmsil olundu. Yeddi il ərzində hər il təşkil etdiyimiz yarış, ilbəil inkişafla müşayiət olunur. 2014-cü ildə qadın idman gimnastikası ölkəmizdə inkişaf etdirilməyə başlayıb. Burada çıxış edən ilk xanım idmançımız olan yerli kadr böyüklər arasında çıxış edib və finaladək yüksəlib. Fikrimcə, bu, artıq inkişafın bariz bir nümunəsidir.
Daha bir fəxr edəcəyimiz xəbər Azərbaycan Qış İdmanı Növləri Federasiyasından gəldi. Federasiyanın baş katibi Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyası Avropa Xizək Alpinizmi Konsulluğunun prezidenti seçildi. Azərbaycan mütəxəssislərinin beynəlxalq qurumlarda rəhbər vəzifələrə seçilməsi son vaxtlar mütəmadi hal alıb. Bu, idmanımızın beynəlxalq təmsilçilik baxımından daha bir uğurudur”, - deyə F.Qayıbov əlavə edib.
Nazir qeyd edib ki, nəhayət, işğaldan azad edilmiş ərazilərimizdə rəsmi olaraq cüdo bölməsi də fəaliyyətə başladı. Zəngilan rayonunun Ağalı kəndində açılan cüdo bölməsi Gənclər və İdman Nazirliyinin təşəbbüsü və Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə gənc cüdoçuların xidmətinə verildi. İnanıram ki, Qarabağ və Şərqi Zəngəzurun digər yaşayış məskənlərində də əhali məskunlaşdıqca onların sağlamlığı və idmanla məşğul olması üçün lazımi addımlar atılacaq.