MƏDƏNİYYƏT


Azərbaycan ifaçısı Riqa musiqi festivalının Qran-pri mükafatına layiq görülüb

Riqa, 10 dekabr, AZƏRTAC

Dekabrın 6-dan 9-dək Latviyanın paytaxtı Riqa şəhərində “Riga Symphony” VII Beynəlxalq musiqi festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, festival gənclər arasında mahnı yaradıcılığını populyarlaşdırmaq, müxtəlif ölkələrin nümayəndələri arasında dostluq münasibətlərini, yaradıcılıq əlaqələrini möhkəmləndirmək, habelə Latviyanın və digər Baltik ölkələrinin mədəniyyətini və milli ənənələrini təbliğ etmək, eyni zamanda öz ifaçılıq məharətinin və milli mədəniyyətlərinin özünəməxsusluğunu nümayiş etdirmələrinə şərait yaratmaq məqsədi daşıyan vokal müsabiqədir.

Bu il festivala rekord sayda iştirakçı – 26 ölkədən 301 ifaçı qatılıb. Festivalda ölkəmizi Nigar Cəlilova (xalq musiqisi ifaçılığı) və Ləman İbrahimova (dünya hiti) təmsil ediblər.

Azərbaycan Milli Konservatoriyasının dördüncü kurs tələbəsi Nigar Cəlilova “Başına mən dolanım” mahnısı ilə “Folklor” nominasiyasında ikinci yeri tutub və gümüş medala (“Sliver Symphony”) layiq görülüb.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Yelena Obraztsova Beynəlxalq Musiqi Akademiyasının məzunu Ləman İbrahimova “Pop-musiqi – dünya hiti” nominasiyasında qızıl medal (“Gold Symphony”) qazanıb. O, festivalın əsas mükafatı uğrunda yarışmaq imkanı əldə edən az sayda iştirakçılardan biri olub. Azərbaycan nümayəndəsi öz nominasiyasında müsabiqənin Qran-pri mükafatını qazanıb.

Latviyadakı Azərbaycan diasporunun nümayəndəsi Həsən Rəhimov da fərqlənib. O, “Akademik vokal” nominasiyasında birinci mükafata layiq görülüb.

Qalibləri nüfuzlu musiqiçilərdən, ifaçılardan, beynəlxalq musiqi müsabiqələrinin təşkilatçıları olan prodüserlərdən ibarət münsiflər heyəti müəyyənləşdirib. Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə münsiflər heyətinin tərkibində olub.

“Riga Symphony” festivalı Yelena Şvilpenin əvəzsiz bədii rəhbərliyi ilə dekabr ayında keçirilir. Bu da Milad bayramı günlərində Riqanın gözəlliyini və bənzərsizliyini xüsusi qabardır, diqqəti latış mədəniyyətinin musiqi rəngarəngliyi üzərində cəmləyir.

Festival dövründə gənclər Latviya və Riqa haqqında mahnılar öyrənib ifa etməklə yanaşı, bu gözəl diyarın zəngin mədəniyyəti, onun nadir təbiəti və görməli yerləri ilə tanış olmaq imkanı əldə edirlər. Festival, eyni zamanda müxtəlif ölkələrdən olan gənc bəstəkarlar və müğənnilər arasında ifaçılıq təcrübəsini bölüşmək imkanı yaradır.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.