İQTİSADİYYAT


Azərbaycan ilə ABŞ arasında aviasiya sahəsində möhkəm tərəfdaşlıq münasibətləri mövcuddur

Bakı, 9 noyabr, AZƏRTAC

ABŞ Nəqliyyat Komandanlığının komandanı general Stefen Lyonsun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən "Baku Cargo Terminal" yük terminalı ilə tanış olub. Bu barədə AZƏRTAC-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Qonaqların diqqətinə çatdırılıb ki, ümumi sahəsi 25 min kvadratmetr olan "Baku Cargo Terminal" MDB məkanında ən böyük və texniki cəhətdən təchiz edilmiş yük terminalıdır. Bakı yük terminalı ABŞ və Asiya arasında yüklərin daşınması üzrə əsas əlaqələndirici qovşaq qismində çıxış edir.

AZAL-ın prezidenti Cahangir Əsgərovla görüş zamanı tərəflər iki ölkə arasında aviasiya sahəsində möhkəm tərəfdaşlıq münasibətlərindən məmnunluq hissi duyduqlarını bildiriblər.

Cahangir Əsgərov Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında mülki aviasiya sahəsində ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Xüsusən qeyd etmək lazımdır ki, ABŞ-ın ən böyük aerokosmik korporasiyası “Boeing” "Azərbaycan Hava Yolları"nın strateji tərəfdaşıdır. Bundan əlavə, 2016-cı ilin iyun ayından Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında “Açıq Səma” ("Open Skies") müqaviləsi qüvvəyə minib və bu müqaviləyə əsasən operatorlara sərnişin və yük aviadaşımaları üzrə daha sərfəli və səmərəli xidmətlər təqdim edilir.

Azərbaycanın mülki aviasiya normativ bazasının təkmilləşdirilməsi nəticəsində ABŞ Federal Aviasiya Administrasiyası Azərbaycana aviasiya təhlükəsizliyi sahəsində ən yüksək səviyyəni – “A” kateqoriyasını verib. Bunun sayəsində iki dövlət arasında birbaşa aviareyslərin yerinə yetirilməsinə başlanılması mümkün olub. “Azərbaycan Hava Yolları”nın Bakıdan Nyu-Yorka müntəzəm uçuşları müasir “Boeing-787-8” Dreamliner hava gəmilərində həyata keçirilir.

Görüş zamanı Azərbaycanda müasir nəqliyyat infrastrukturunun yaradıldığı qeyd edilib, nəqliyyat, tranzit və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğu bildirilib.

Stefen Lyons deyib ki, Azərbaycan bütün istiqamətlərdə, o cümlədən nəqliyyat sahəsində etibarlı tərəfdaşdır. O bildirib ki, ABŞ təhlükəsizlik sahəsində əməkdaşlığın təmin edilməsində, o cümlədən Əfqanıstanda həyata keçirilən sülhpərvər əməliyyatlarda ölkəmizin rolunu yüksək qiymətləndirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.