SİYASƏT
Azərbaycan ilə ATƏT Parlament Assambleyası arasında əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb VİDEO
Bakı, 12 mart, AZƏRTAC
Martın 12-də Milli Məclisin sədri Oqtay Əsədov ATƏT Parlament Assambleyasının (PA) sədri Georgi Tseretelinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən ATƏT PA ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib. “Təqdirəlayiq haldır ki, qonağın təmsil etdiyi qurumla münasibətlərimiz yüksələn xətt üzrə inkişaf edir”, - deyən spiker ümidvar olduğunu bildirib ki, ATƏT PA sədrinin ölkəmizə budəfəki səfəri ikitərəfli əməkdaşlığın daha da dərinləşməsinə öz töhfəsini verəcək.
Görüşdə qeyd edilib ki, dinamik inkişaf edən Azərbaycan bu gün regional və qlobal layihələrin reallaşmasında fəal iştirak edir. Ölkəmizin iştirakçısı olduğu və İpək Yolunun mühüm hissəsini təşkil edən Şərq-Qərb, o cümlədən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin və nəqliyyat marşrutlarının inkişafı üçün əməli addımlar atılır. Məlum olduğu kimi, Azərbaycan tərəfinin təşəbbüsü ilə ATƏT PA-da İpək Yoluna Dəstək Qrupu yaradılıb. Əgər qrup yaranan vaxt 17 ölkə bu qurumun üzvü idisə, bu gün onların sayı 22-yə çatıb. Bu, Avropa ölkələrinin Azərbaycanın təşəbbüsünə göstərdiyi böyük marağın nəticəsidir.
Milli Məclisin sədri ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun ilk beynəlxalq konfransının Bakıda keçirilməsini heç də təsadüfi hesab etməyib. O bildirib ki, “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsinə parlamentarilərin rolu” mövzusunda beynəlxalq konfransda müzakirə olunacaq məsələlər təkcə qrup üzvü olan ölkələr üçün deyil, həm də bütövlükdə ATƏT məkanında yerləşən dövlətlər üçün böyük iqtisadi əhəmiyyət kəsb edir.
Görüşdə Azərbaycanın prezident seçkiləri ərəfəsində olduğuna diqqət çəkən Milli Məclisin sədri ATƏT nümayəndələrinin bu mühüm əhəmiyyətli siyasi prosesdə müşahidəçi qismində iştirak etmələrini müsbət dəyərləndirib. Bildirilib ki, hüquqi, dünyəvi, demokratik yolla inamla addımlayan Azərbaycanda insan hüquq və azadlıqlarının qorunmasına, vətəndaşların öz iradələrini azad şəkildə ifadə etmələrinə böyük önəm verilir.
Səmimi qəbul üçün minnətdarlığını bildirən ATƏT PA-nın sədri Georgi Tsereteli ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. O, Azərbaycan nümayəndə heyətinin ATƏT PA-dakı fəaliyyətini yüksək dəyərləndirərək, Bakıda keçiriləcək beynəlxalq konfransın əhəmiyyətini qeyd edib. Diqqətə çatdırıb ki, Azərbaycanın təşəbbüsü ilə yaradılmış İpək Yoluna Dəstək Qrupu bu tarixi yol üzərində müasir nəqliyyat infrastrukturunun qurulmasına böyük maraq göstərir. Bu, təkcə region xalqları üçün deyil, ATƏT-ə üzv dövlətlərin hamısı üçün böyük önəm daşıyır.
Söhbət zamanı tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
* * *
Martın 12-də Milli Məclisdə keçirilən görüşlərdən sonra ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli KİV nümayəndələri ilə görüşüb.
Səfər çərçivəsində ölkəmizdəki görüşləri barədə fikirlərini açıqlayan Georgi Tsereteli martın 13-də Bakıda keçiriləcək “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlamentlərin rolu” mövzusunda beynəlxalq konfransın əhəmiyyətindən danışıb.
Sonda qonaq jurnalistləri maraqlandıran sualları cavablandırıb.