SİYASƏT


Azərbaycan ilə Əfqanıstan arasında əlaqələrin inkişafı yolları müzakirə edilib

Bakı, 21 iyun, AZƏRTAC

İyunun 21-də Azərbaycanın xarici işlər nazirinin müavini Ramiz Həsənov Əfqanıstanın xarici işlər nazirinin müavini Nəsir Əhməd Andişan ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycana rəsmi şəxs qismində ilk dəfə səfər etdiyini deyən qonaq ölkəmizə səfərindən məmnun olduğunu söyləyib, xalqlarımız arasında qədim tarixi köklər və mədəni bağlılıqlar üzərində qurulan xoş münasibətlərin mövcudluğunu vurğulayıb. O, ölkəmizin müxtəlif sahələrdə qazandığı uğurlu təcrübə ilə bilavasitə tanış olmaq, bu gün yüksək səviyyədə olan siyasi müstəvidəki münasibətlərlə yanaşı, ikitərəfli əməkdaşlığın digər sahələrdə də inkişaf etdirilməsinin perspektivlərinə dair fikir mübadiləsi aparmaq niyyətində olduğunu bildirib.

N.Ə.Andişa “Asiya qəlbi” prosesi çərçivəsində və Əfqanıstandakı sülhməramlı əməliyyatlar, eləcə də təmsil etdiyi ölkədə sabitliyin təmin edilməsində Azərbaycanın oynadığı vacib rolu böyük məmnuniyyətlə qeyd edib. Ölkəsinin həmişə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Azərbaycana dəstək göstərdiyini və beynəlxalq təşkilatlarda ənənəvi əsasda prinsipial mövqe nümayiş etdirdiyini xüsusilə önə çəkib.

Nazir müavini Ramiz Həsənov ölkələrimiz arasında dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində təmasların daimi əsasda saxlanıldığını, ümumiyyətlə, siyasi münasibətlərin qarşılıqlı anlaşma şəraitində uğurla inkişaf etdiyini söyləyib. Bununla yanaşı, ticari-iqtisadi, mədəni, elm və təhsil sahələrində ikitərəfli əməkdaşlığın potensialından daha geniş istifadə edilməsinin faydalı ola biləcəyini deyib.

Bu baxımdan Əfqanıstan tərəfinin diqqəti Azərbaycanın gerçəkləşdirdiyi nəhəng regional layihələrə cəlb edilib. Vurğulanıb ki, 2017-ci ilin oktyabrında istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu Uzaq Şərq, Mərkəzi Asiya, o cümlədən Əfqanıstanı Avropa ilə birləşdirən ən qısa və münasib yoldur. Bu layihənin, əvvəl yerinə yetirilmiş Bakı-Tbilisi-Ceyhan və digər infrastruktur təşəbbüslərimiz kimi, nəinki təkcə Azərbaycana, bütün qonşu bölgələrə də böyük səmərə gətirəcəyi bildirilib.

Bu günədək iki dövlət arasında 11 sənədin imzalandığı bildirilib, həmin normativ-hüquqi bazadan daha səmərəli şəkildə istifadə edilməsinin vacibliyi vurğulanıb. Parlamentlərarası dostluq qrupları, mədəniyyət və təhsil sahələrində müvafiq qurumlar arasında əməkdaşlığın əhəmiyyətindən bəhs edilib.

Görüşün yekunlarına dair tərəflər Azərbaycan-Əfqanıstan münasibətlərində əldə edilmiş zəminə əsasən, iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində müvafiq işlərin aparılacağından əminlik ifadə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.