SİYASƏT


Azərbaycan ilə Almaniyanın Şimali Reyn-Vestfaliya federal torpağı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Berlin, 10 oktyabr, AZƏRTAC

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov Şimali Reyn-Vestfaliya federal torpağının paytaxtı Düsseldorf şəhərində səfərdə olub. Səfər çərçivəsində o, federal torpağın İqtisadiyyat, İnnovasiyalar, Rəqəmsallaşma və Enerji naziri Andreas Pinkvartla görüşüb.

Nazir bu səfərin Azərbaycan və Şimali Reyn-Vestfaliya torpağı arasında əməkdaşlığa töhfə verəcəyinə əmin olduğunu bildirib.

Səfir bildirib ki, Azərbaycan və Almaniya arasında münasibətlər Azərbaycanda alman məskənlərinin salınmasından başlayan 200 illik tarixə söykənir və bu tarix Prezident İlham Əliyevin imzaladığı Sərəncama müvafiq olaraq yüksək səviyyədə qeyd edilib. O, ölkələrimiz arasında münasibətlərin hazırda bütün sahələrdə dinamik inkişaf etdiyini qeyd edib və Almaniyanın Federal Kansleri Angela Merkelin ötən il Azərbaycana səfərinin ikitərəfli münasibətlərin inkişafına yeni təkan verdiyini vurğulayıb.

Görüşdə Azərbaycanın Şimali Reyn-Vestfaliya federal torpağı ilə əlaqələri, xüsusilə iqtisadi əməkdaşlığı barədə fikir mübadiləsi aparılıb. Səfir ölkəmizlə daha yaxından tanış olmaq və əməkdaşlıq imkanlarına dair müzakirələri davam etdirmək üçün Şimali Reyn-Vestfaliya rəsmilərini Azərbaycana səfərə dəvət edib.

R.Həsənov Azərbaycanın milli maraqlara söykənən xarici siyasəti, beynəlxalq əməkdaşlığı, Avropa və Almaniyanın enerji təhlükəsizliyinə verdiyi töhfələr, həyata keçirdiyi nəhəng regional layihələr barədə məlumat verib. O, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışıb, torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini, işğalın ağır nəticələrini, eləcə də münaqişənin regiondakı inkişaf və əməkdaşlıq üçün yaratdığı maneələri diqqətə çatdırıb.

Səfər çərçivəsində növbəti görüş Şimali Reyn-Vestfaliya Landtaqının prezidenti Andre Kuperlə baş tutub. Görüşdə Azərbaycan və Almaniya arasında parlamentlərarası əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Səfir ölkəmizdə parlament və demokratiya ənənələrinin tarixi, Azərbaycan Xalq Cümhuriyyətinin mütərəqqi yenilikləri, onun parlamentində alman etnik azlığının da öz mandatı ilə təmsil olunması, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasının özünü cümhuriyyətin varisi elan etməsi və onun demokratik, dünyəvi dəyərlərini davam etdirməsi barədə məlumat verib. Azərbaycanda qadınlara seçki hüququnun Almaniyadan 1 il əvvəl, 1918-ci ildə verildiyini diqqətə çatdıran səfir ölkəmizdə gender bərabərliyi, qadın hüquqları, qadınların cəmiyyətdəki fəal rolundan bəhs edib.

Görüşdə Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına verdiyi töhfələr müzakirə edilib. Şimali Reyn-Vestfaliya torpağında yerləşən Duysburq və Çinin paytaxtı Pekin şəhərləri arasında yükdaşımaların Azərbaycan ərazisindən həyata keçirildiyi vurğulanıb.

Həmçinin Azərbaycan və Şimali Reyn-Vestfaliya torpağının şəhərləri və ali məktəbləri arasında əməkdaşlıq imkanları müzakirə edilib. Landtaq prezidenti A.Kuper bu sahədə tərəfdaşlıq layihələrinə dəstək verməyə hazır olduğunu bildirib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.