SİYASƏT
Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlıq sazişi üzrə danışıqların növbəti raundu müzakirə olunub
Bakı, 16 iyun, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) genişlənmə danışıqları və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Hanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlıq sazişi üzrə danışıqlar prosesinin növbəti raunduna dair geniş müzakirələr aparılıb. Saziş layihəsinin bu ilin sonunda keçiriləcək Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrinin Zirvə toplantısına qədər yekunlaşdırılacağına ümidvarlıq ifadə olunub. Saziş layihəsi üzrə danışıqların növbəti mərhələsinin iyul ayında keçiriləcəyi bildirilib.
E.Məmmədyarov saziş layihəsi üzrə danışıqların konstruktiv və intensiv şəkildə aparılmasının müsbət hal olduğunu deyib və danışıqların bu mərhələsində əsasən siyasi və ticarət məsələlərinin müzakirə olunduğunu qeyd edib. O, həmçinin ölkəmizin Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin region üçün əsas təhdid olduğunu deyən nazir Elmar Məmmədyarov münaqişənin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verib. O əlavə edib ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu və Ermənistanın işğala əsaslanan status-kvonu saxlamaq siyasəti münaqişənin həllində irəliləyişə nail olmağa imkan vermir.
Elmar Məmmədyarov Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiyasında əks olunduğu kimi, Aİ-nin həlli uzaldılmış münaqişələrə münasibətdə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipi əsasında vahid mövqedən yanaşmasının vacibliyini diqqətə çatdırıb.
Avropa İttifaqının komissarı Yohannes Han 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təbriklərini çatdırıb, Aİ ilə Azərbaycan arasında nəqliyyat, ticarət, uzlaşma və enerji sahələrində praqmatik və praktik əsaslı əməkdaşlığın mövcud olduğunu bildirib.
Görüşdə Aİ-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.