SİYASƏT
Azərbaycan ilə BMT arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə BMT Baş Məclisinin 69-cu sessiyası və gündəlikdə duran aktual məsələlər üzrə fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.
Nazir fəal üzv dövlət kimi Azərbaycanın 69-cu sessiyada da BMT Baş Məclisi və onun komitələrinin işində fəal iştirak edəcəyini deyib. O, Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyətlə bağlı maddənin 69-cu sessiyanın gündəliyində olduğunu qeyd edib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun doğurduğu fəsadlar haqqında məlumat verən Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının və Baş Məclisinin bu münaqişə ilə əlaqədar qəbul etdiyi sənədlərin tələblərinin yerinə yetirilməsinin vacibliyini vurğulayıb.
Sam Kutesa 2012-2013-cü illərdə Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Azərbaycanın fəaliyyətinin və Afrika qitəsinə aid məsələlərə göstərdiyi diqqətin yüksək qiymətləndirildiyini deyib. O, əmin olduğunu bildirib ki, 69-cu sessiya çərçivəsində də Azərbaycan ilə sıx əməkdaşlıq davam etdiriləcək.