CƏMİYYƏT
Azərbaycan ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
Bakı, 27 noyabr, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Cenevrəyə səfəri çərçivəsində noyabrın 27-də Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Antonio Vitorino ilə görüşüb.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, Beynəlxalq Miqrasiya Təşkilatı Şurasının 109-cu sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Dövlət Miqrasiya Xidmətinin rəisi V.Hüseynov təşkilatın baş direktoru vəzifəsinə seçilməsi münasibətilə A.Vitorinonu təbrik edib. O, Azərbaycan ilə Təşkilat arasında əməkdaşlıq əlaqələrinin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib. Xidmət rəisi ölkəmizdə səmərəli miqrasiya idarəçiliyinin gücləndirilməsi istiqamətində Azərbaycan hökuməti tərəfindən reallaşdırılan və görüləcək işlər barədə A.Vitorinoya ətraflı məlumat verib.
A.Vitorino Azərbaycan hökumətinin təşkilatın fəaliyyətinə verdiyi dəstəyə görə təşəkkürünü bildirib. İkitərəfli əməkdaşlığın uğurla davam etdiyini bildirən baş direktor Azərbaycanda miqrasiyanın idarə olunması sahəsində görülən işləri təqdir edib. O, Təşkilatın miqrasiya proseslərinin idarə edilməsi sahəsində Azərbaycan hökumətinə dəstəyin gələcəkdə də davam etdirilməsinə hazır olduğunu vurğulayıb.
Görüşdə Azərbaycan ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında gələcək əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib və beynəlxalq miqrasiya məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Dövlət Miqrasiya Xidmətinin rəisi V.Hüseynov baş direktor A.Vitorinonu Azərbaycana səfərə dəvət edib.
Sessiyanın ilk günündə Beynəlxalq Miqrasiya Təşkilatına Özbəkistan Respublikasının üzv, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Fövqəladə Yardım və İnkişafa Dəstək qeyri-hökumət təşkilatının isə müşahidəçi seçilməsinə dair qətnamələr qəbul edilib.