SİYASƏT
Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb
Bakı, 21 fevral, AZƏRTAC
Əbu-Dabidə keçirilən “IDEX-2021” Beynəlxalq müdafiə sərgisində iştirak edən müdafiə sənayesi naziri Mədət Quliyev Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini, Prezident işləri naziri Şeyx Mənsur bin Zayed Əl Nəhyan ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
Şeyx Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin qardaş ölkələr olduğunu vurğulayaraq, hər bir sahədə qarşılıqlı əməkdaşlığın faydalarından danışıb, ölkələrimiz arasında əlaqələrin inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib.
Mədət Quliyev Baş nazirin müavinindən Prezident, Ali Baş Komandan Prezident İlham Əliyevin salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed Al Nahyana çatdırmasını xahiş edib.
Görüş konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib.