DÜNYA


Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı əlaqələr nümunəvi xarakter daşıyır

Dubay, 18 mart, AZƏRTAC 

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay və Şimal Əmirliklərindəki baş konsulu Cavidan Hüseynov Şarca Əmirliyinin Mülki Aviasiya Departamentinin prezidenti Şeyx Xalid bin İssam Əl-Qasimi ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, departamentin prezidenti BƏƏ və Azərbaycan arasında əlaqələrin nümunəvi xarakterə malik olduğunu və sürətlə inkişaf etdiyini deyib.

Öz növbəsində, baş konsul C.Hüseynov Azərbaycanın BƏƏ ilə münasibətlərə böyük əhəmiyyət verdiyini bildirərək, bu münasibətlərin dinamik inkişafını qeyd edib. Diplomat hər iki ölkə rəhbərliyinin əlaqələrin qurulması və möhkəmləndirilməsində rolunu vurğulayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed Əl Nəhyanın rəhbərliyi ilə sözügedən əlaqələrin uğurla davam etdiyini diqqətə çatdırıb.

Şarca Əmirliyinin Mülki Aviasiya Departamentinin prezidenti vəzifəsini tutmaqla yanaşı, “Air Arabia” aviaşirkətinin idarə heyətinin üzvü olan Əl-Qasimi “Air Arabia” şirkəti barədə məlumat verib. O, “Air Arabia” aviaşirkətinin təxminən 2 ildən bəri Azərbaycana da sərnişin daşımaları həyata keçirməyə başladığını və hazırda Bakı şəhərinə gündəlik, Qəbələ şəhərinə isə həftədə 3-4 dəfə olmaqla birbaşa uçuşlar həyata keçirdiyini diqqətə çatdırıb.

Baş konsul Şarca Əmirliyinin ölkənin elmi, mədəni, təhsil və iqtisadi həyatında oynadığı mühüm rola toxunaraq, Şarca hökmdarı Şeyx Sultan bin Məhəmməd Əl-Qasiminin rəhbərliyi ilə əmirliyin gündən-günə inkişaf etdiyini vurğulayıb. O qeyd edib ki, Şarca Əmirliyindən dünyanın müxtəlif nöqtələrinə aviareyslərin mövcudluğu bu inkişafın göstəricisidir.

Görüşdə qarşılıqlı maraq kəsb edən müxtəlif məsələlər müzakirə edilib.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Dubay

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.