İQTİSADİYYAT


Azərbaycan ilə Bolqarıstan arasında iqtisadi əməkdaşlıq imkanları vebinarda müzakirə olunub

Sofiya, 21 may, AZƏRTAC

Bolqarıstanın Sənaye və Ticarət Palatası və Azərbaycanın Bolqarıstandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Google Meet” online platforması vasitəsilə ölkəmizdəki sərmayə imkanları, eləcə də Azərbaycanda biznes fəaliyyəti barədə təqdimat keçirilib.

AZƏRTAC xəbər verir ki, vebinar formatında keçirilən tədbirdə Bolqarıstanın müxtəlif dövlət qurumlarının nümayəndələri, Bolqarıstanın Sənaye və Ticarət Palatasının sədri Tsvetan Simeonov, Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov, Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev, Bolqarıstanda fəaliyyət göstərən işgüzar dairələrin nümayəndələri, iş adamları, şirkət təmsilçiləri, eləcə də Bolqarıstanın Sənaye və Ticarət Palatasının regionlardakı nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Bolqarıstanın Sənaye və Ticarət Palatasının sədri Tsvetan Simeonov iştirakçıları salamlayaraq dünyanın pandemiya ilə mübarizə apardığı bir dövrdə iki ölkənin iqtisadi sahədə əməkdaşlığı daha da gücləndirməli olduğunu bildirib, Azərbaycanın Bolqarıstandakı səfirliyinə belə bir tədbirin keçirilməsi təşəbbüsü ilə çıxış etdiyinə görə minnətdarlığını ifadə edib. Tədbirin iki ölkənin işgüzar dairələri arasında əlaqələri genişləndirməyə və ticarət dövriyyəsinin artırılmasına müsbət töhfə verəcəyinə əminlik göstərilib.

Daha sonra Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova iki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün geniş potensialın mövcud olduğunu söyləyib, bu tədbirin bu istiqamətdə müsbət töhfə verəcəyini, Azərbaycanda əlverişli sərmayə mühitinin və yaxşı ticarət imkanlarının mövcud olduğunu diqqətə çatdırıb. Səfir iki ölkə arasında enerji, nəqliyyat, turizm, informasiya və kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və s. sahələrində uğurla əməkdaşlıq edildiyini, 2019-cu ildə Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi 93.88 milyon ABŞ dolları həcminə yüksəldiyini, bunun son 5 il üzrə ən yaxşı göstərici olduğunu vurğulayıb. Ölkəmizin nəqliyyat sektorunda həyata keçirilən regional layihələr barədə (Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və s.) danışan səfir bu layihələr nəticəsində ölkəmizə sərmayə yatırılmasının daha cəlbedici olduğunu və şirkətlərin öz məhsullarını daha geniş coğrafiyaya ixrac etmələri üçün imkan yarandığını qeyd edib.

Azərbaycanda qeyri-neft sektorunun inkişafı barədə söz açan N.Qurbanova Azərbaycanda fəaliyyət göstərən sənaye parkları və məhəllələri barədə danışıb, ölkəmizə beynəlxalq reytinq təşkilatları tərəfindən verilən qiymət və beynəlxalq rəqabətlilik hesabatlarında Azərbaycanın yeri, eləcə də sərmayədarlar üçün tətbiq olunan güzəştlər barədə ətraflı məlumat verib.

Azərbaycan ilə Bolqarıstan arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclasının 2018-ci il noyabrın 6-8-də Sofiyada baş tutduğu N.Qurbanova tərəfindən xatırladılaraq cari ilin sonunda Müştərək Komissiyanın 6-cı iclasının və biznes forumun keçiriləcəyinə ümidvarlıq ifadə olunub və bu xüsusda, Bolqarıstanın işgüzar dairələrinin nümayəndələri baş tutacaq biznes forumda fəal iştiraka dəvət ediblər.

Diplomat koronavirusla mübarizə çərçivəsində Azərbaycanda həyata keçirilən sosial və iqtisadi tədbirlər, beynəlxalq yardım, əhalinin rifahının yaxılaşdırılması, işgüzar dairələrə dəstək tədbirləri barədə də məlumat verib və belə çətin bir dövrdə ikitərəfli ticarət dövriyyəsinin artırılması istiqamətində daha böyük səylər göstərilməsinin əhəmiyyətini vurğulayıb.

Təqdimatla çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) İnvestisiyaların Təşviqi Departamentinin direktoru Zöhrab Qədirov tədbir iştirakçılarına Azərbaycanda makro-iqtisadi vəziyyət, qeyri-neft sektoru, xarici ticarət dövriyyəsi, nəqliyyat infrastrukturu və ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat marşrutları, investisiya mühiti, sənaye parkları və burada tətbiq olunan güzəştlər və ölkəmizdəki sərmayə imkanları barədə ətraflı məlumat verib.

“Aqrar Tədarük və Təchizat” ASC-nin direktorlar şurasının üzvü Leyla Məmmədova kənd təsərrüfatı sahəsində Azərbaycan ilə Bolqarıstan arasında əməkdaşlıq imkanları barədə təqdimat edib. L.Məmmədova təmsil etdiyi qurum, həyata keçirilən layihələr, ölkəmizdə kənd təsərrüfatı sahəsində ümumi vəziyyət, əsas ixrac məhsulları barədə məlumat verib. Təqdimatda iki ölkənin kənd təsərrüfatı sahəsində idxal və ixrac məhsulları müqayisəli təhlil edilib, Azərbaycanın kənd təsərrüfatı sektoruna sərmayə imkanları barədə danışılıb.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, konkret əməkdaşlıq imkanları müzakirə olunub.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.