ELM VƏ TƏHSİL
Azərbaycan ilə Bolqarıstan arasında təhsil sahəsində əlaqələr yüksək səviyyədədir
Bakı, 20 sentyabr, AZƏRTAC
Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək iclasa qatılmaq məqsədilə ölkəmizdə səfərdə olan Bolqarıstan Milli Assambleyasının sədri xanım Tsveta Karayançevanın rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 20-də Bakı Slavyan Universitetində (BSU) olub.
AZƏRTAC xəbər verir ki, qonaqlar universitetin foyesində tələbələrin hazırladığı milli kompozisiya ilə qarşılanıblar. BSU-nun bolqar dili ixtisası üzrə təhsil alan tələbələri tərəfindən bolqar dilində şeirlər səsləndirilib, “Arzu” rəqs ansamblının təqdimatında milli və bolqar rəqsləri nümayiş olunub.
Qonaqlarla görüşən BSU-nun rektoru, professor Nurlana Əliyeva rəhbərlik etdiyi ali təhsil ocağının aranma tarixi, keçdiyi inkişaf yolu, universitetdə fəaliyyət göstərən tədris və mədəniyyət mərkəzləri barədə məlumat verib. BSU-nun beynəlxalq əlaqələrindən danışan rektor bildirib ki, bu ali təhsil ocağı Bolqarıstanın qabaqcıl universitetləri ilə sıx əməkdaşlıq edir.
Sonra BSU-da fəaliyyət göstərən Bolqar Dili və Mədəniyyəti Mərkəzində bolqar dili ixtisası üzrə təhsil alan tələbələrlə görüşən qonaqlar qurumun fəaliyyətini yüksək dəyərləndiriblər. Bolqar qonaqlar, həmçinin mərkəzin nəzdindəki kitabxana ilə də tanış olublar.
Tədbirin rəsmi hissəsində N.Əliyeva Azərbaycan ilə Bolqarıstan arasında tarixən geniş dostluq əlaqələrinin olduğunu, bu münasibətlərin humanitar sahədə də inkişaf etdiyini deyib. 1996-cı ildən BSU-da bolqar dilinin tədris olunduğunu diqqətə çatdıran rektor vurğulayıb ki, 2002-ci ildə rəhbərlik etdiyi ali təhsil ocağı ilə Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Həmin il Bolqarıstanın sabiq prezidenti Jelyu Jelevə BSU-nun fəxri doktoru adı verilib. 2004-cü ildə Bolqarıstan Prezidenti Georgi Pırvanovun iştirakı ilə BSU-da Bolqar Dili və Mədəniyyəti Mərkəzi açılıb. Mərkəzin fəaliyyətindən danışan N.Əliyeva bildirib ki, bu qurumun əsas vəzifəsi Azərbaycan və Bolqarıstan arasında mədəni əlaqələri inkişaf etdirmək, gənclərin hər iki ölkənin mədəniyyətinə, təhsilinə, maarifinə və elminə marağı artırmaqdır. Həmçinin universitetdə bolqarşünaslıq istiqaməti üzrə tədris prosesinin təkmilləşdirilməsinə kömək etməkdir.
Bolqarıstanın sabiq vitse-prezidenti Marqarita Popovanın və hazırki vitse-prezident İliana Yotovanın ölkəmizə səfərləri zamanı BSU-da qonaq olduqlarını xatırladan rektor Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən Bolqarıstanın bir sıra dini-mədəni obyektlərində təmir-bərpa işlərinin aparıldığını, arxeoloji qazıntılara şərait yaradıldığını vurğulayıb.
Tsveta Karayançeva Azərbaycan ilə Bolqarıstan arasında istər siyasi, iqtisadi, istərsə də elmi, texniki və mədəni istiqamətdə münasibətlərin sürətlə inkişaf etməkdə olduğunu bildirib. Hər iki respublikanın dövlət başçılarının bu münasibətlərin genişlənməsində maraqlı olduqlarını diqqətə çatdıran parlament sədri vurğulayıb ki, ölkələrimiz arasında təhsil, mədəniyyət sahəsində əlaqələr yüksək səviyyədədir. Azərbaycan ilə Bolqarıstan arasındakı dostluq və qardaşlıq münasibətlərinin tarixi köklərindən danışan Tsveta Karayançeva qeyd edib ki, BSU-da bolqar dilinin, tarixinin, mədəniyyətinin, etnoqrafiyasının tədrisi bu ölkədə dost xalqların milli mənəvi dəyərlərinə marağın böyük olmasından xəbər verir. Bolqarıstan Milli Assambleyasının sədri bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib.