CƏMİYYƏT
Azərbaycan ilə Bolqarıstan arasında vətəndaşların hüquqlarının təmini sahəsində qarşılıqlı məlumat mübadiləsi gücləndirilir
Bakı, 28 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanın Ayrı-seçkiliyə qarşı müdafiə üzrə Komissiyasının rəhbəri Ana Cumaliyevanın rəsmi dəvəti ilə Sofiya şəhərində işgüzar səfərdədir.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfərin məqsədi ayrı-seçkiliyə qarşı mübarizə ilə bağlı təcrübə mübadiləsi aparılması və iki qurum arasında əməkdaşlığın gücləndirilməsidir. Bu məqsədlə iki qurum arasında anlaşma memorandumu imzalanıb.
Memorandumda ombudsmanlar arasında iki ölkə vətəndaşlarının hüquqlarının təmini məqsədilə qarşılıqlı məlumat mübadiləsinin gücləndirilməsi, insan hüquqlarının müdafiəsi sahəsində elmi konfranslar, seminarlar və təlimlərin təşkili ilə bağlı məsələlər əks olunub.
Səfər çərçivəsində ombudsmanın görüşləri davam edir.